Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Brüssel ilə Tramp arasında ziddiyyətlər yeni olmasa da (ticarət, Ukrayna və hərbi xərclər məsələlərində), bu, yəqin ki, Aİ-nin prezidentin yaxın çevrəsinin biznes maraqlarına qarşı çıxdığı ilk haldır.
Söhbət Bosniya və Herseqovina ərazisindən keçəcək “Cənub birləşdirici qaz kəməri”ndən gedir. Bosniyalı mənbələr bildirirlər ki, amerikalı rəsmilər aylarla ölkə rəhbərliyinə təzyiq göstərib, bundan sonra isə müqavilə Vayominqdə yerləşən və əvvəllər demək olar tanınmayan şirkətə verilib.
“AAFS Infrastructure and Energy” şirkəti ötən ilin noyabrında qeydiyyatdan keçib və sahibləri barədə məlumat açıqlamayıb. Şirkətin fəaliyyətində Trampın seçki komandasının 2020-ci ildə seçki nəticələrinin ləğvinə cəhd göstərmiş iki əsas üzvü iştirak edir.
Onlardan biri Kapitoli iğtişaşları işi üzrə Trampı müdafiə etmiş vəkil Cessi Binnol, digəri isə ABŞ-nin keçmiş milli təhlükəsizlik müşavirinin qardaşı Co Flinndir.
Sahədə təcrübəsi olmasa da, AAFS Bosniyanın qaz kəmərinə və digər infrastruktur layihələrinə 1,5 milyard dollar sərmayə yatırmaq niyyətindədir.
Mart ayında bosniyalı qanunvericilər Transparency International təşkilatının fikrincə “təhlükəli presedent” yaradan qanunu təsdiqləyiblər. Qanuna əsasən, müqavilə heç bir tender keçirilmədən AAFS-ə veriləcək.
Bir neçə gün sonra Sarayevoda Aİ nümayəndəsi qapalı görüşdə bosniyalı liderlərə xəbərdarlıq edib ki, belə addım ölkənin Aİ-yə üzvlük perspektivini riskə atır.
Aprelin 13-də göndərilmiş və istraga.ba agentliyi ilə “The Guardian”ın ixtiyarına keçən məktubda Aİ rəsmisi Luici Soreka vurğulayıb ki, Brüssel ilə Bosniya arasındakı enerji sazişinə əsasən, belə qanun layihələrinin Avropa İttifaqı ilə ətraflı razılaşdırılması “həyati əhəmiyyət daşıyır”.
Soreka əlavə edib ki, Brüssel qaz kəmərləri ilə bağlı qanunvericilikdə həlledici səs hüququna malik olmalıdır.
“Beləliklə, Bosniya və Herseqovina Avropa yolunu davam etdirə və gələcək inteqrasiya, eləcə də yeni maliyyə imkanlarını qaçırmamış olar”, - deyə o bildirib.
Vəkil Cessi Binnol isə qaz kəmərinin tikintisinin “Tramp administrasiyasının prioriteti” olduğunu deyib.
Aİ-nin müdaxiləsinə münasibət bildirən o qeyd edib ki, AAFS “bu layihədə həqiqətən vacib olanı - enerji təhlükəsizliyinin təmin edilməsini və Bosniya və Herseqovina xalqının iqtisadi inkişafına töhfə verməyi heç vaxt gözdən qaçırmayacaq”.
Bosniyanı Xorvatiyanın sahilyanı mayeləşdirilmiş təbii qaz terminalına birləşdirəcək qaz kəməri hazırda tamamilə Rusiyadan asılı olan ölkəyə Amerika qazının çatdırılmasına imkan verəcək.
2022-ci ildə Ukrayna müharibəsinin başlanmasından sonra Brüssel Aİ üzvləri və üzvlüyə namizəd ölkələr, o cümlədən Bosniya üçün son tarix müəyyən etmişdi. Həmin tarixə əsasən, 2028-ci ilə qədər Rusiya qazının alınması dayandırılmalıdır.
Buna baxmayaraq, Brüssel indi bir reallıqla üz-üzədir: Avropanın enerji “şahmat taxtasında” ortaya çıxan yeni mühüm oyunçu sadəcə Amerika şirkətinin deyil, ABŞ prezidentinə şəxsi əlaqələri olan qurumun nəzarətinə keçə bilər.
Sevinc Əliyeva
Ordu.az