“Ukrayna Yaxın Şərqin üç ölkəsi ilə təhlükəsizlik sahəsində üç böyük sənəd imzalayıb” - Zelenski

2026/02/1771950035.jpg
Oxunub: 336     17:42     23 Aprel 2026    
Kiyev Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə “təhlükəsizlik sahəsində üç böyük sənəd” imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu sənədlər pilotsuz uçuş aparatları və müdafiə qabiliyyətləri sahəsində əməkdaşlığa aiddir.

“Bu, həm Ukraynanın özəl, həm də dövlət sektoru ilə çoxsaylı müxtəlif müqavilələrə gətirib çıxaracaq”, - deyə Zelenski bildirib.

Zelenski qeyd edib ki, “Shahed” pilotsuz uçuş aparatı 80 min dollardan 130 min dollara qədər başa gələ bilsə də, onu cəmi 10 min dollar dəyərində sistemlərin köməyi ilə vurmaq mümkündür”. Bu, milyonlarla dollar dəyərində ənənəvi hava hücumundan müdafiə raketlərindən xeyli ucuzdur.

“Biz onlara müdafiə olunmağa kömək etmək istəyirik. Və digər ölkələrlə də bu cür tərəfdaş münasibətləri qurmağa davam edəcəyik”, - deyə o bildirib.

Zelenski əlavə edib ki, Ukrayna ekspert bilikləri, təlim missiyaları və müxtəlif hərbi sistemlərin inteqrasiyası üçün nəzərdə tutulan proqram təminatı, eləcə də əlçatan pilotsuz uçuş aparatları və birgə istehsal zavodları təqdim etməyə hazırdır.

O həmçinin bildirib ki, belə əməkdaşlıq ABŞ-yə də şamil edilməlidir.

“Əgər bunu edə bilsək, qürur duyardım, çünki ABŞ-yə göstərdiyi dəstəyə görə çox minnətdarıq”, - deyə o bildirib.

O, Yaxın Şərqdə qüvvədə olan atəşkəs rejiminə dəstəyini də ifadə edərək bildirib ki, döyüş əməliyyatlarında istənilən fasilə insanların həyatını xilas etməyə kömək edir.

“Məncə, müharibədə istənilən fasilə yaxşıdır, çünki insan itkiləri dayanır... Əgər həyatları xilas edə bilirsənsə, bu həmişə əladır. Əlbəttə, dayanıqlı sülh müharibəni bitirməyin ən yaxşı yoludur, amma bu hazırda mümkün deyilsə, istənilən fasilə də faydalı ola bilər”, - deyə Zelenski vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin