Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
CNN-in mütəxəssislərə və Pentaqonun sursat səviyyələri ilə bağlı qiymətləndirmələrdən xəbərdar olan üç anonim mənbəyə əsaslanan xəbərinə görə, vəziyyət diqqətçəkən həddə çatıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yeni təhlilinə görə, son yeddi həftəlik toqquşmalarda ABŞ dəqiq idarəolunan raket ehtiyatının ən azı 45 faizindən istifadə edib.
Xüsusilə ballistik raketlərin qarşısını almaq üçün hazırlanmış THAAD raketdən müdafiə qarşılayıcılarının ən azı yarısının və “Patriot” hava hücumundan müdafiə qarşılayıcı raketlərinin təxminən 50 faizinin istifadə olunduğu bildirilir.
Mənbələrə görə, bu göstəricilər Müharibə Nazirliyinin məxfi ehtiyat məlumatları ilə də üst-üstə düşür.
Bundan əlavə, “Tomahawk” qanadlı raketi ehtiyatının təxminən 30 faizinin, uzaqmənzilli “hava-yer” raketlərinin 20 faizdən çoxunun, həmçinin SM-3 və SM-6 qarşılayıcı raketlərin təxminən 20 faizinin sərf edildiyi qeyd olunur.
Xəbərdə bildirilir ki, ABŞ-nin bu ehtiyatları yenidən doldurması 4-5 il çəkə bilər.
Pentaqondan açıqlama və müttəfiqlərə təsiri
Pentaqonun sözçüsü Şon Parnell CNN-ə verdiyi rəsmi açıqlamada bildirib ki, ABŞ “prezident tərəfindən seçilən zaman və məkanda göstərişləri yerinə yetirmək üçün lazım olan hər şeyə malikdir”.
Bununla belə mütəxəssislər və Müharibə Nazirliyinin daxili qiymətləndirmələrindən xəbərdar olan şəxslər bildirirlər ki, bu vəziyyət qarşıdakı bir neçə il ərzində yeni münaqişə baş verərsə, qısamüddətli sursat çatışmazlığı riski yaradır.
Ötən həftə isə ABŞ-nin daha əvvəl imzalanmış silah təchizatı müqavilələrində gecikmələr olacağı barədə Avropalı müttəfiqlərini məlumatlandırdığı bildirilmişdi.
“Reuters”in məlumatına görə, bu gecikmələrin səbəbi İrana qarşı aparılan müharibə çərçivəsində ABŞ ehtiyatlarının azalmasıdır.
Təhvil gecikmələrinin Rusiya ilə sərhədi olan bəzi ölkələr də daxil olmaqla Baltik və Skandinaviya bölgəsindəki bir çox ölkəni təsirləndirəcəyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az