Ordu.az xəbər verir ki, Fransanın müdafiə şirkəti “Thales” aprelin 21-i çərşənbə axşamı yaydığı açıqlamada MBDA ilə birgə müəssisəsi olan “Eurosam” vasitəsilə Danimarkaya SAMP/T NG hava hücumundan müdafiə sistemi təchiz edəcəyini bildirib.
Şirkət sistemin Danimarka versiyasının “Thales Ground Fire 300” radarı ilə təchiz olunacağını və təhvilin 2028-ci ildən etibarən başlayacağını qeyd edib.
Danimarka sentyabr ayında SAMP/T sistemini ABŞ istehsalı “Patriot” sistemindən üstün tutmuşdu. “Defense News”un yaydığı məlumata görə, ABŞ hökumətinin Baltik ölkələrinə silah və sursat tədarükündə İran müharibəsi ilə bağlı mümkün gecikmələrə işarə etməsi və İsveçrənin mart ayında “Patriot” tədarükündə dörd-beş illik gecikmələrlə üzləşdiyini açıqlamasından sonra bu qərar analitiklər tərəfindən getdikcə daha düzgün addım kimi qiymətləndirilir.
Digər tərəfdən, “Thales” bildirib ki, Danimarka SAMP/T NG sistemi və “Aster” raketlərinin istehsalında artan gücdən faydalanacaq. Bu çərçivədə raket istehsalçısı MBDA artan tələbatı qarşılamaq üçün 2026-cı ildə “Aster” hava hücumundan müdafiə raketləri ailəsinin istehsalını ikiqat artırmağı planlaşdırır. Quru əsaslı SAMP/T sistemini silahlandırmaqla yanaşı, bu raketlər Fransa, İtaliya və Böyük Britaniya donanmaları tərəfindən də yüksək səviyyəli hava hücumundan müdafiə üçün istifadə olunur.
“Thales” bildirib ki, Danimarkanın SAMP/T müqaviləsini birinci rübdə 100 milyon avrodan, yəni 118 milyon dollardan çox dəyərə malik “böyük sifarişlərindən” biri kimi qeydə alıb. Bu çərçivədə Fransa şirkəti “Aster” raketi üçün tuşlayıcı başlıqla yanaşı, radar və komanda-idarəetmə sistemini də təchiz edəcək.
Hazırda Avropa İttifaqının yeddi ölkəsi “Patriot” sistemindən istifadə edir. Danimarka isə Fransa və İtaliyadan sonra bu sistemlə təchiz olunan üçüncü ölkə olub. Bu saziş Avropanın ABŞ tədarükçülərindən asılılığını azaltmaq və yerli istehsal gücünü gücləndirmək üçün faktiki yarışa girdiyi, Avropa Komissiyasının “ReArm Europe” planının 2030-cu ilədək 800 milyard avroya, yəni 941 milyard dollara qədər əlavə müdafiə xərci nəzərdə tutduğu dövrdə baş tutub.
SAMP/T NG hava hücumundan müdafiə sistemi
SAMP/T sistemi “Thales” ilə MBDA-nın Fransa və İtaliya bölmələrinin birgə təşəbbüsü olan Eurosam tərəfindən istehsal olunur. Təkmilləşdirilmiş sistem 150 kilometr mənzilə və yeni “Ka”-diapazon tuşlayıcı başlığa malik olan, orta mənzilli ballistik raketlərlə yanaşı hipersəs raketlərini də qarşısını almaq üçün hazırlanmış MBDA-nın “Aster 30 Block 1” NT (New Technology) hava hücumundan müdafiə raketi ilə xidmət göstərir.
Yenilənmiş “Aster” raketinin ilk sınaq atışı 2024-cü ilin oktyabrında çoxsaylı hədəflərin yer aldığı “mürəkkəb ssenari”də həyata keçirilib, qarşılayıcı raketin uzaq mənzilli qabiliyyətini təsdiqləmək üçün isə 2025-ci ilin iyulunda ikinci kvalifikasiya atışı aparılıb. Bu çərçivədə SAMP/T NG-nin atəş idarəetmə bloku “Aster 30” B1NT raketi ilə uyğun işləyə bilməsi üçün yeni proqram təminatı ilə təchiz olunub.
“Thales Ground Fire” radar ailəsi isə fırlanan S-diapazon AESA antenası vasitəsilə 360° əhatə zonası ilə 400 kilometrədək mənzil təqdim etməyi hədəfləyir. Şirkət əlavə edir ki, radar və ona bağlı enerji generatoru standart konteyner ölçülərindədir və 15 dəqiqədən az vaxtda quraşdırıla bilir.
Sevinc Əliyeva
Ordu.az