Ordu.az xəbər verir ki, hadisə gəminin modernizasiya prosesinin davam etdiyi HII “Ingalls Shipbuilding” gəmiqayırma zavodunda baş verib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, yanğın 2026-cı il aprelin 19-u bazar günü gəmi Missisipi ştatının Paskaqula şəhərindəki gəmiqayırma zavodunda körpüyə bağlanmış vəziyyətdə olarkən baş verib. Ekipajın sürətli müdaxiləsi nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınaraq söndürülüb.
Hadisə nəticəsində üç dənizçi yaralanıb. Yaralılardan biri müalicə üçün xəstəxanaya göndərilib, digər iki əməkdaşa isə hadisə yerində ilkin yardım göstərilib. ABŞ Hərbi Dəniz Qüvvələri bütün yaralıların vəziyyətinin stabil olduğunu açıqlayıb.
Yanğının başvermə səbəbi və gəmidə yaranan zərərin miqyası ilə bağlı araşdırmaya başlanılıb.
“Zumwalt” hipersəs transformasiya prosesindədir
USS “Zumwalt” (DDG-1000) 2023-cü il avqust ayından etibarən genişmiqyaslı modernizasiya proqramı çərçivəsində gəmiqayırma zavodunda saxlanılır. Proqramın əsas məqsədi gəmini hipersəs raket qabiliyyətinə malik platformaya transformasiya etməkdir.
Bu çərçivədə gəminin diqqət çəkən iki lüləli 155 mm-lik “Advanced Gun System” topları tamamilə sökülüb. Onların yerinə “Conventional Prompt Strike” (CPS) hipersəs raket sistemini daşıya biləcək buraxılış boruları inteqrasiya edilib. Hər biri üç raket daşıya bilən bu borular gəminin mövcud 80 borulu şaquli buraxılış sistemi imkanlarını tamamlayan yeni zərbə təbəqəsi yaradır.
Xərc və mübahisəli keçmiş
“Zumwalt” sinfinə məxsus esmineslər ABŞ Hərbi Dəniz Qüvvələrinin ən iddialı, lakin eyni zamanda ən mübahisəli layihələrindən biri kimi ön plana çıxır. Əvvəlcə 32 gəmi kimi planlaşdırılan proqram büdcə məhdudiyyətləri səbəbindən üç gəmiyə endirilib.
Bu vəziyyət gəminin özünəməxsus top sistemləri üçün hazırlanmış sursatın vahid qiymətini artırıb. Atış başına 800 min ilə 1 milyon dollar arasında dəyişən sursat xərcləri səbəbindən istehsal dayandırılıb və sistemlər faktiki olaraq istifadədən çıxarılıb. Son modernizasiya prosesi ilə birlikdə bu toplar tamamilə sökülərək yerlərini hipersəs raket qabiliyyətinə verib.
Dənizə dönüş və son inkişaflar
Modernizasiya çərçivəsində quruya çıxarılaraq geniş struktur və texnoloji yenilənmələrdən keçirilən “Zumwalt” 2024-cü ilin dekabrında yenidən suya buraxılıb. Gəmi 2026-cı ilin yanvarında isə təxminən üç ildən sonra ilk dəfə dənizə çıxaraq yeni konfiqurasiyası ilə dəniz sınaqlarına başlayıb.
Baş verən son yanğının davam edən modernizasiya cədvəlinə və əməliyyat hazırlığı prosesinə necə təsir göstərəcəyi isə aparılacaq texniki araşdırmadan sonra dəqiqləşəcək.
“Zumwalt” sinfinə məxsus çoxməqsədli “stealth” esmines
“Stealth”, yəni aşağı radara görünmə qabiliyyətinə malik quruluşu səbəbindən radarlarda balıqçı qayığı böyüklüyündə göründüyü bilinən “Zumwalt” sinfinə məxsus esmineslər təxminən 16 ton subasımı qabiliyyətinə, 190 metr uzunluğa və 30 knot sürətə malikdir.
Əsas axtarış radarı kimi AN/SPY-3 istifadə edən “Zumwalt” esminesləri əvvəllər “Mk 57” şaquli buraxılış sisteminə, RIM-162 ESSM-ə, “Tomahawk” qanadlı raketinə, 2 ədəd 155 mm-lik top sisteminə və 2 ədəd 30 mm-lik bort topuna malik idi. “Zumwalt” sinfi esmineslərdə bir ədəd helikopter meydançası da mövcuddur.
Sevinc Əliyeva
Ordu.az