Pentaqon 1,5 trilyon dollarlıq müdafiə büdcəsi tələb edib

2026/04/1776930813.jpg
Oxunub: 485     11:46     23 Aprel 2026    
ABŞ Müharibə Nazirliyi 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar həcmində müdafiə büdcəsi tələbi irəli sürüb.

Ordu.az xəbər verir ki, təklif indiyədək təqdim olunan ən yüksək büdcə kimi qeydə alınıb.

Hərbi modernizasiya, müdafiə sənayesi istehsal gücünün genişləndirilməsi və şəxsi heyətə dəstək əsas prioritetlər sırasında yer alıb.

42 faizlik artım diqqət çəkir

Açıqlanan büdcənin əvvəlki illə müqayisədə 42 faiz artım ehtiva etdiyi bildirilib. Qeyd olunub ki, bu artım uzunmüddətli hərbi qabiliyyət və sənaye infrastrukturuna yönəlmiş strateji sərmayədir.

ABŞ Müharibə Nazirliyinin rəsmilərindən Culs V. Hörst III büdcəni “ABŞ ordusu üçün nəsillər boyu davam edəcək, azadlığın arsenalına yönələn sərmayə” kimi xarakterizə edib.

Vəsaitin yarıdan çoxu silah sistemlərinə ayrılır

Büdcənin təxminən 52 faizinin təchizat və qabiliyyətlərin inkişafı maddələrinə ayrıldığı açıqlanıb. Bu çərçivədə 750 milyard dollardan çox vəsaitin təyyarə, gəmi və sursat daxil olmaqla müxtəlif silah sistemlərinə yönəldiləcəyi bildirilib.

Hörst bildirib ki, “2027-ci ilin müdafiə büdcəsi hərbi qabiliyyətlərə edilən ən böyük sərmayələrdən biri olacaq”.

Müdafiə sənayesi və təchizat zəncirinə güclü dəstək

Büdcə çərçivəsində 100 milyard dollardan çox vəsaitin müdafiə sənayesi infrastrukturunun gücləndirilməsi məqsədilə ayrıldığı açıqlanıb. Qeyd olunub ki, bu fond iri müdafiə şirkətləri ilə yanaşı, təchizat zəncirində kritik rol oynayan kiçik və orta müəssisələri də əhatə edir.

Hörst bildirib ki, “iri müdafiə şirkətləri kritik əhəmiyyət daşıyır, amma bu struktur on minlərlə kiçik və orta təchizatçıya söykənir”.

Nüvə çəkindirməsi və dəniz gücünə sərmayə

Büdcədə nüvə triadasının modernizasiyası üçün 71,4 milyard dollar ayrıldığı açıqlanıb. Bu çərçivədə sualtı qayıqlara, strateji bombardmançı təyyarələrə və qitələrarası ballistik raket sistemlərinə yönəlmiş sərmayələr planlaşdırılır.

ABŞ Baş Qərargahının rəsmilərindən general-leytenant Stiven P. Uitni bildirib ki, “bu büdcə nüvə çəkindirməsinin effektivliyini qorumaq üçün hər üç komponentdə modernizasiyanı davam etdirir”.

Bundan əlavə, “Qızıl Donanma” təşəbbüsü çərçivəsində gəmiqayırma üçün 65,8 milyard dollar, gəmiqayırma zavodu infrastrukturunun inkişafı üçün isə 8,7 milyard dollar ayrıldığı bildirilib.

Hava gücü və istehsal gücü artırılır

Hava və quru qoşunları sahəsində raket sistemləri və döyüş təyyarəsi istehsalına yönələn sərmayələrin artırılması planlaşdırılır. 2027-ci ildə F-35 istehsalının 85 təyyarəyə çatdırılması hədəflənir.

Şəxsi heyətin yaşayış şəraiti və infrastruktur yaxşılaşdırılacaq

Büdcə təklifində hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılması da mühüm yer tutur. Bu çərçivədə 57 milyard dollarlıq vəsait bazaların saxlanması, təmiri və modernizasiyası üçün ayrılıb.

Uitni bildirib: “Pis vəziyyətdə olan obyektləri yaxşılaşdırır və şəxsi heyətimiz üçün daha təhlükəsiz yaşayış məkanları yaradırıq”.

Bundan əlavə, aşağı rütbəli şəxsi heyətdən başlamaqla maaş artımlarının planlaşdırıldığı, yaşayış şəraitinin yaxşılaşdırılmasının və yararsız kazarmaların yenilənməsinin nəzərdə tutulduğu bildirilib.

Uitni qeyd edib: “Bu büdcə ilə birbaşa insanımıza sərmayə yatırırıq. Hərbçilərimizin və onların ailələrinin fədakarlıqlarını cavabsız qoymuruq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin