CBS: ABŞ kəşfiyyatı hesab edir ki, İran hərbi potensialının əhəmiyyətli hissəsini qoruyub

2026/04/1776449158.jpg
Oxunub: 372     11:41     23 Aprel 2026    
ABŞ və İsrailin endirdiyi zərbələrə baxmayaraq, İran hərbi gücünün əhəmiyyətli hissəsini qoruyub saxlaya bilib.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

“CBS News” ABŞ kəşfiyyatına istinadən bildirir ki, aprelin 8-i vəziyyətinə, atəşkəsin qüvvəyə mindiyi anda Tehran sərəncamındakı ballistik raketlərin və buraxılış qurğularının təxminən yarısını qoruyub saxlaya bilib.

Bundan başqa, mənbələr qeyd edir ki, hərbi dəniz qüvvələrinin ağır itkilər verməsinə baxmayaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun potensialının təxminən 60 faizi zərər görməyib. Bu, Hörmüz boğazında aparılan əməliyyatlar zamanı istifadə edilən sürətli motorlu qayıqlara da aiddir.

Rəsmi mənbələrin məlumatına görə, İranın hərbi hava qüvvələri də tamamilə darmadağın edilməkdən yayınıb. Aviasiyanın təxminən üçdə ikisi hələ də döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır.

Bu vəziyyət prezident Donald Trampın və Pentaqon rəhbəri Pit Heqsetin İranın hərbi imkanlarının daha ciddi və daha genişmiqyaslı itkilərə məruz qaldığı barədə iddiaları ilə ziddiyyət təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin