İsrail sursat ehtiyatlarını artırmaq üçün “Elbit Systems” şirkətinə 200 milyon dollarlıq silah sifariş edib

2026/03/1774674370.jpg
Oxunub: 371     11:37     23 Aprel 2026    
İsrail Müdafiə Nazirliyi “Elbit Systems” müdafiə şirkətindən təxminən 200 milyon dollar dəyərində müasir aviasiya sursatı sifariş edib.

Ordu.az xəbər verir ki, bu satınalmalar İrana qarşı aparılan hərbi əməliyyatlar çərçivəsində həyata keçirilir.

Şirkətin bəyanatında qeyd olunur ki, “Elbit Systems” aviasiya silahlanması sahəsində “texnoloji liderdir” və İsrailin müdafiə qurumu ilə çoxillik əməkdaşlıqdan qürur duyur. Şirkət nümayəndələrinin sözlərinə görə, onların istehsal etdiyi sursat İsrail Hərbi Hava Qüvvələrinin səmada üstünlüyünü təmin edə biləcək əsas amillərdən biridir.

İsrail Müdafiə Nazirliyi aydınlaşdırıb ki, bu sazişin məqsədi “silahlanma sahəsində müstəqilliyi” möhkəmləndirmək və “təxirəsalınmaz döyüş ssenariləri”nə, eləcə də “təhlükəsizlik baxımından intensiv onilliyə” hazırlığı artırmaqdır. Bu barədə Haaretz məlumat yayıb.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, razılaşma ölkənin sursat təchizatında özünütəminetməni gücləndirmək strategiyasının bir hissəsidir.

Bu satınalmalar fonunda Qəzza müharibəsinə görə İsrailə qarşı silah embarqosu tətbiq olunması barədə beynəlxalq çağırışlar davam edir. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin zərbələri nəticəsində 72 652 nəfər həlak olub, daha 172 320 nəfər yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Elbit-Systems  


Bizi "telegram"da izləyin