Ermənistanın “iqtisadi modeli” sual altında: Beynəlxalq indekslər nə deyir?

2026/04/1776928720.jpg
Oxunub: 515     12:38     23 Aprel 2026    
“Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan iş gününə özünün “Facebook” səhifəsində paylaşım etməklə başlayıb. O, paylaşımda ötən ay “The Heritage Foundation”un 2026-cı il üzrə “İqtisadi azadlıq indeksi” hesabatına toxunub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İqtisadi azadlıq indeksi” Papoyanın qiymətləndirmələrində: o, real mənzərəni niyə gizlədir?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, əvvəla, təəccüb doğurur ki, iqtisadiyyat nazirinin səhər, məsələn, saat 10:00-da sosial şəbəkədə aktivliyini təmin etməkdən başqa işi yoxdur.

“Xüsusilə də nəzərə alsaq ki, paylaşdığı məzmun həftələr boyu müzakirə və təhlil olunub. İkincisi, seçkiqabağı təşviqat məntiqi çərçivəsində nazirin iri həcmli hesabatdan yalnız müsbət ifadələr olan hissələri seçib paylaşdığı faktını görməməzlikdən gəlmək mümkün deyil.

Nazir Papoyan təbii ki, həmin hesabatda Ermənistanın artıq 5 ildir “orta dərəcədə azad” ölkələr sırasında göstərildiyini diqqətdən kənarda qoyub. Bu isə o deməkdir ki, hakimiyyət nə qədər yüksək səslə danışmağa çalışsa da, heç bir keyfiyyət dəyişiklik təmin edə bilməyib. Üstəlik, 2026-cı ildə qeydə alınan 1,7 ballıq artım yeni nailiyyət deyil, sadəcə on ildən çox əvvəl - 2015-ci ildə qeydə alınmış göstəriciyə qayıdışdır.

Yəni illər boyu həyata keçirilən siyasət daha əvvəl toplanmış potensialı tükəndirib. Ermənistan 2017-ci ildə hətta daha yüksək, “əsasən azad” ölkələr qrupuna keçə bilmişdi. Bir sözlə, son 8 ildə hakimiyyətin təbliğ etdiyi “islahatlar” ölkəni irəli aparmayıb, əksinə, geri salıb və əvvəl əldə olunmuş irəliləyişi sıfırlayıb.

Hazırkı hakimiyyət yəqin ki, bəzi altindekslərdəki artıma, yəni “ticarət azadlığı”, “pul-kredit azadlığı” və ya “maliyyə azadlığı”na söykənməyə çalışacaq. Amma hətta burada da mənzərə çox narahatedicidir”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, məsələn, “ticarət azadlığı”nın indiki göstəricisi yalnız ondan əvvəlki beş ilin göstəricilərini üstələyir.

“Ondan əvvəl isə belə aşağı nəticə sonuncu dəfə uzaq 1999-cu ildə qeydə alınıb. Burada hər hansı struktur irəliləyişdən danışmaq sadəcə qeyri-ciddidir.

Papoyan o barədə danışmır ki, həmin hesabata görə “əmək azadlığı”nın səviyyəsi 2007-2017-ci illərin göstəricilərindən əhəmiyyətli dərəcədə geri qalır. “İnvestisiya azadlığı”nın indiki göstəricisindən daha aşağı nəticə isə sonuncu dəfə 2007-ci ildə qeydə alınıb. Bu, iqtisadi mühitin həm daxili, həm də xarici aktorlar üçün cəlbediciliyini itirdiyini göstərən aydın siqnaldır.

Və ən əsası, Papoyan susur, məqsədəuyğun saymır ki, ən problemli mənzərənin “qanunun aliliyi” qrupunda formalaşdığını dilə gətirsin. Ermənistan iki fundamental istiqamət üzrə, yəni “mülkiyyət hüququnun qorunması” və “ədalət mühakiməsinin səmərəliliyi” sahələrində “iqtisadi cəhətdən sıxışdırılmış” ölkələr sırasına daxil edilir və qlobal orta göstəricilərdən əhəmiyyətli dərəcədə geri qalır. Bu isə o deməkdir ki, ölkədə iqtisadiyyatın normal inkişafı üçün zəruri olan fundamental şərtlər, yəni mülkiyyətin qorunması, müqavilələrin icra edilə bilməsi, müstəqil və səmərəli məhkəmə sistemi təmin olunmur”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, başqa sözlə, investor Ermənistanda kifayət qədər təminata malik deyil, biznes məhkəmələrə etibar etmir, vətəndaş isə qanunun qərəzsiz tətbiqini görmür.

“Və bu qiymətləndirmə daxili siyasi tənqid çərçivəsində deyil, beynəlxalq nüfuzlu qurumun təhlilində səslənir.

Bu kontekstdə dövlətin “Ermənistan Elektrik Şəbəkələri”ni zorla ələ keçirməsini, milyonlarla dolların havaya sovrulduğu ANIF fondunun uğursuz fəaliyyətini xatırlamamaq mümkün deyil. Bunlar investorlar üçün hadisələrin necə inkişaf edə biləcəyinin açıq nümunələridir və hesabat müəlliflərinin diqqətindən yayınmayıb”, - deyə “168.am” bildirib.

Müəllif vurğulayıb ki. dövlətin iri iqtisadi obyektlərə qarşı güc tətbiqi və qeyri-şəffaf müdaxilələri qeyri-müəyyənlik mühiti yaradır, burada mülkiyyət siyasi kaprizlərin obyektinə çevrilir.

“Nazirə xatırlatma: sizin siyasi qüvvəniz növbəti parlament seçkilərinə hazırlaşsa da, siz hələ də nazir vəzifəsini tutursunuz və buna görə kifayət qədər yüksək maaş alırsınız.

Məsləhət və çağırış odur ki, səhər iş otağına çatanda öz komandanızın apardığı səriştəsiz siyasət nəticəsində ölkə daxilində yaranmış çoxsaylı iqtisadi boşluqları və çağırışları aradan qaldırmaqla məşğul olun, bir sözlə, işləyin. Və nəhayət, iş kompüterinizdə sosial platformalardakı şəxsi hesablarınızdan “sign out” edin. Çünki 2018-ci ildən etibarən sizin bütün siyasi komandanız istər xarici siyasət, istər müharibə, istər iqtisadiyyat, istərsə də ədalət mühakiməsi olsun, ölkəni “Facebook” paylaşımları ilə və “Facebook” paylaşımları naminə idarə edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin