Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Onik Qasparyanla Seyran Ohanyan arasında uzaqdan polemika varmı? Baş Qərargahın keçmiş rəisi vaxtilə “məsləhətçisi”nin keçmişlərin ordu ilə bağlı qiymətləndirməsini bölüşürmü?” başlıqlı məqaləsində yazıb.
“Qeyd edək ki, “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə nazirinə hərbi və müharibə ilə bağlı suallarımızı cavablandırmağı təklif etmişdik, lakin o, əslində, yerin münasib olmamasını bəhanə edərək bundan yayınıb və bu material yazılan ana qədər cavab verməyib. Aydındır ki, dar ixtisaslı və dərin məzmunlu suallar müəyyən çətinliklər və risklər yarada bilər.
Hər halda, parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan “Azadlıq” radiosu vasitəsilə qapalı görüş təklifinə cavab olaraq bildirib: “Onik Qasparyan istintaq komissiyasında iki gün suallara cavab verib və bu da hesabatda yer alıb. Bütün izahları verib, qeydlərini də təqdim edib. İndi nə istəyir?”
Əslində, düzgün deyir, bunu biz də məqaləmizdə yazmışdıq.
Əlbəttə, hakimiyyət Onik Qasparyanın təklifindən istifadə edib “günahsız” bir qapalı müzakirə təşkil edə və əvvəllər istintaq komissiyasının işində iştirak etmiş itkin düşənlərin yaxınlarını dəvət edə bilərdi. Amma görünür, bu hazırda onların siyasi planlarına daxil deyil. 44 günlük müharibənin keçmiş hərbi rəhbərlərindən lazım olanı artıq alıblar. İndi isə təəccüblüdür ki, keçmiş müdafiə naziri ilə Baş Qərargah rəisi heç olmasa icazə verilən həddə İstintaq Komissiyasının hesabatının dərc olunmasını istəmirlər ki, məsələn, görək dindirilmə zamanı Onik Qasparyanın dedikləri Nikol Paşinyanın dedikləri ilə ziddiyyət təşkil edir, yoxsa yox”, - deyə müəllif qeyd edib.
Nəşr bildirib ki, bunu, o cümlədən Şuşa ilə bağlı məsələdə Andranik Köçəryan iddia etmişdi.
“Yeri gəlmişkən, 4 il əvvəl biz Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müşaviri kimi təqdim olunan Vladimir Poğosyanın Şuşa ilə bağlı “məxfi məlumatların açıqlanması”na toxunmuşduq.
Xüsusilə, Poğosyan “Noyan Tapan” agentliyinə müsahibəsində, əslində, Şuşanın təhvil verildiyi barədə iddiaları təsdiqləyərək maraqlı açıqlama vermişdi.
“Təxminən ayın 3-də (nəzərdə tutduğu noyabrın 3-dür-“168.am”) Mikayel Arzumanyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının razılığı ilə yazılı əmrlə kifayət qədər savadlı və döyüş təcrübəsi olan yüksək rütbəli zabiti təyin edir ki, Şuşanın müdafiəsinə cavabdeh olsun. Amma sonrakı günlərdə Arayik Harutyunyan şifahi qaydada “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) komandanı Mikayel Arzumanyanın yazılı əmrini ləğv edir və yenidən şifahi şəkildə Seyran Ohanyanı təyin edir. O isə Şuşanın müdafiəsi üçün heç nə etmədi. Məhz həmin vaxtdan uğursuzluq başladı. Mən ayın 4-5-də orada olmuşam. Mən birbaşa Arayik Arutyunyanı ittiham edirəm. O, Qarabağda malik olduğu statusa görə “ali baş komandan” sayılsa da, “müdafiə ordusu” komandanının Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı ilə razılaşdırılmış yazılı əmrini ləğv etməyə haqqı yox idi”, - deyə o vurğulamışdı və əlavə etmişdi ki, zabitlərlə birlikdə Şuşaya qalxıb.
Nəşr yazıb ki, hətta yanında müharibə vaxtı “müdafiə ordusu” komandanının səlahiyyətlərini icra etmiş və hazırda müharibənin bir neçə epizodu üzrə ittiham olunan Calal Harutyunyanın qardaşı, hazırda “Qarabağın daxili işlər nazirliyi”nin (ləğv edilmiş qondarma qurum-red.) “polis rəisi” olan Artyom Arutyunyan da olub.
“Mən Şuşaya gedəndə sürücüm dedi ki, elə bil asfaltı yuyublar və şəhəri təhvil verməyə hazırlaşırlar. Şuşanın müdafiəsini xatırladan heç nə yox idi, yəni klassik mənada şəhər müdafiəyə hazırlanmayıb”, - deyə Onik Qasparyanın müşaviri kimi təqdim olunan Vladimir Poğosyan davam etmişdi və əlavə etmişdi ki, Mikayel Arzumanyan “müdafiə ordusu”nun komandanı olduqdan sonra erməni tərəfinin insan itkiləri azalıb.
“Həmin vaxt biz müvafiq məqaləmizdə sual etmişdik: Mikayel Arzumanyanı xilas etməyə çalışırlar, yoxsa başqasını? Amma başqa suallar da qaldırmışdıq.
Qeyd edək ki, Şuşanın müdafiəsinin lazımi qaydada təşkil olunmaması işində keçmiş “müdafiə ordusu” komandanı Mikayel Arzumanyanın adı məsul şəxs kimi hallanır, amma əslində onun işi 2020-ci il noyabrın 7-si ilə bitir. Halbuki Nikol Paşinyan İstintaq Komissiyasında bəyan etmişdi ki, Şuşanı “geri almaq” (yenidən işğal etmək-red.) üçün noyabrın 7-dən sonra əməliyyatlar olub. Yeri gəlmişkən, general Arzumanyanın bu işinin həmin epizodu üzrə ehtimal ki, həm Seyran Ohanyan, həm də Onik Qasparyan dindiriləcək”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edib ki, ötən gün isə Seyran Ohanyan 24TV-yə müsahibəsində, əslində, Şuşanın itirilməsinə görə ciddi məsuliyyəti Onik Qasparyanın da üzərinə qoyub.
“Qarabağın müdafiə zonasının sağ tərəfində Araz çayının yatağı boyunca təxminən 100 kilometr Ermənistan sərhədinədək böyük bir sahə var. Azərbaycan məhz həmin istiqamətdə hücumunu inkişaf etdirə bildi və Ermənistan sərhədinə çatdı. “Müdafiə ordusu” üçün isə həmin sahədə sağ cinahını çevirmək və müdafiəni tam qurmaq çox çətin idi. Əgər vaxtında düşmən taktiki dərinlikdə orada dayandırılsaydı, Hadrut və Şuşanın tutulması olmazdı”, - deyə o bildirib və əlavə edib ki, əgər düşmən yarılma zonasına taktiki dərinlikdə daxil olursa, orada Ermənistan Silahlı Qüvvələri prosesə qoşulmalı idi.
Müəllif yazıb ki, burada, görünür, Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanın da cavab verməli olduğu suallar yaranır, amma bu barədə növbəti dəfə bəhs olunacaq.
“İndi isə başqa sual: güman edə bilərikmi ki, yumşaq desək, Seyran Ohanyanla Onik Qasparyan arasında müəyyən uzaqdan polemikanın şahidiyik? Ola bilər ki, bilmədiyimiz məqamlar var.
Amma bu, Baş Qərargahın keçmiş rəisinin müşavirlərinə və yaxın çevrəsinə keçmişdə orduda aparılan islahatları tənqid etmək üçün mənəvi haqq verirmi? Üstəlik, Onik Qasparyanın vaxtilə “məsləhətçisi” Serj Sarkisyan və Seyran Ohanyan dövründə orduda aparılan islahatları dağıdıcı adlandırır, xüsusilə müdafiə nazirinin vəzifəsinin mülki hala gətirilməsini qeyd edir. Bunun fonunda isə bildirilir ki, Onik Qasparyan Baş Qərargah rəisi postunda 3 ay olduğu müddətdə mümkünsüzü edib, yəni müharibədə məğlubiyyət məsuliyyəti onun üzərindən götürülür.

2008-ci ildən orduda aparılan islahatları qeyd etdiyimiz üçün əlavə edək ki, 2024-cü ildə “168.am” Silahlı Qüvvələrdə struktur dəyişiklikləri, idarəetmə modeli, Baş Qərargah rəisinin müdafiə nazirinin müavini olub-olmaması ilə bağlı araşdırma təqdim etmişdi. Biz göstərmişdik ki, 2008-ci ilə qədər və hətta 2008-ci ilin müəyyən hissəsinədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Ermənistan müdafiə nazirinin birinci müavini hesab olunurdu. Bunu general-polkovniklər Mikayel Harutyunyanın, Seyran Ohanyanın və Yuri Xaçaturovun bioqrafiyalarında, eləcə də Prezidentin müvafiq fərmanlarında görmək mümkündür. Xüsusilə, 2008-ci il aprelin 14-də Prezident Serj Sarkisyanın fərmanı ilə Seyran Ohanyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilmişdi”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, başqa fərmanla 2008-ci il aprelin 15-də Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini təyin edilmişdi.
“Başqa məsələ odur ki, 2008-ci il aprelin 9-da Serj Sarkisyan prezident vəzifəsini icra etməyə başladıqdan sonra müəyyən islahatlar və struktur dəyişiklikləri aparılmışdı. Nəticədə Baş Qərargah rəisi müdafiə nazirinin birinci müavini olmaqdan çıxmışdı ki, bu da əslində düzgün qərar idi.
Hər kəsin öz fikri ola bilər, amma burada sual yaranır: Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan (yuxarıda qeyd olunan islahat nəticəsində 44 günlük müharibə zamanı müdafiə nazirinin müavini sayılmırdı) rəsmi və qeyri-rəsmi məsləhətçi və ya müşavirinin keçmişlərin ordusu ilə bağlı mənfi qiymətləndirmələrini bölüşürmü? Halbuki o özü həmin sistemin bir hissəsi olub, məsələn, Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı kimi və çox yaxşı komandan olub.
Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın vaxtilə “məsləhətçisi”nə gəlincə, onun vasitəsilə müxtəlif “kompromatlar” yayılır. Məsələn, 2021-ci ilin aprelində bildirirdi ki, “əgər Onik Qasparyan oyuna daxil olsa, bu Paşinyan hakimiyyətinin sonu olacaq, seçkiyə qədər hər şey bitə bilər”. Amma sonra nə baş verdiyini yaxşı xatırlayırıq: general Robert Köçəryana səs verməyə çağırdı, Nikol Paşinyan isə onu “buklet paylayan” adlandırdı və bununla hər şey bitdi. Başqa cür də ola bilməzdi, çünki Onik Qasparyan xarakterinə görə siyasətçi deyil, hərbçidir. Amma o, dərs çıxarmır və yanlış adamların yanlış məsləhətlərinə qulaq asmaqda davam edir və hədəfə çevrilir.
Əlavə edək ki, 2023-cü ildə Ermənistan Müdafiə Nazirliyi bizə rəsmi şəkildə bildirmişdi ki, Vladimir Poğosyan Onik Qasparyan dövründə Baş Qərargah idarəsində muzdlu işçi olub, müşavir ştatı isə Artak Davtyanın vaxtında rəsmiləşdirilmişdi.
“Silahlı Qüvvələr Baş Qərargahının keçmiş əməkdaşı Vladimir Sergey Poğosyan Silahlı Qüvvələr Baş Qərargah rəisinin müşaviri vəzifəsini (qeyri-hərbi, inzibati) 2020-ci il fevralın 22-dən iyunun 22-dək tutub. 2020-ci il hərbi əməliyyatları zamanı (əvvəlki müraciətinizdə həmin dövr nəzərdə tutulurdu) isə 2021-ci ilin mart ayınadək Silahlı Qüvvələr Baş Qərargahının Təşkilati-İdarəetmə İdarəsində muzdlu işçi (mülki) vəzifəsində çalışıb”, - deyə Müdafiə Nazirliyi açıqlamasında bildirmişdi.
Yəni Vladimir Poğosyan Onik Qasparyan Baş Qərargah rəisi təyin olunduqdan sonra Silahlı Qüvvələr Baş Qərargahının Təşkilati-İdarəetmə İdarəsində muzdlu işə keçib”, - deyə “168.am” bildirib.
Nəşr qeyd edib ki, lakin müharibə günlərində Baş Qərargah rəisi Onik Qasparyanın müşaviri kimi müxtəlif görüşlər keçirib, bunu özü müxtəlif müsahibələrində dəfələrlə danışıb.
“Müharibədən sonra da özünü Onik Qasparyanın keçmiş müşaviri kimi təqdim edib. Halbuki bir neçə ay faktiki olaraq Baş Qərargah rəisi Artak Davtyanın müşaviri kimi rəsmiləşdirildiyi halda heç vaxt özünü belə təqdim etməyib.
P.S. Bu məqalədən sonra, əvvəllər olduğu kimi, Vladimir Poğosyan “həyəcanlana”, ünvanımıza əsassız ittihamlar səsləndirə bilər, Onik Qasparyan da onunla heç bir əlaqəsi olmadığını deyə bilər ki, ona irad bildirə bilməz, amma bu, reallığı dəyişmir”, - deyə müəllif vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az