Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Avropa striptizi İrəvanda” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Ermənistana Makrondan tutmuş Kallasadək və anti-hibrid fəaliyyətinin başqa “quruları”na qədər hər kəs gələcək.
“Əgər “Vətəndaş Müqaviləsi” partiyasının bəxti gətirsə, Paşinyan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyanı işdən çıxarıb özünü “sülh dövrünün” baş naziri elan edə bilər. Müddətsiz, ən azı həmin dövrü əhatə edən şəkildə…
2026-cı il may ayında İrəvanda avrobürokratlar 2020-ci il sentyabrın 27-si tarixində İkinci Qarabağ müharibəsi ilə başlayan ən böyük geosiyasi avantüranın yekun səhnəsini qeyd edəcəklər.
Ədalətli olardı ki, İrəvanda keçiriləcək əsrin tədbirində bugünkü “sülhün xaç atası” Donald Tramp da iştirak etsin. O, öz adı ilə Ermənistan ərazisinin icarəyə verilməsi sənədini imzalamaqdan altı il əvvəl, ilk prezidentliyi dövründə baş vermiş Qarabağ müharibəsinin də “xaç atası” olmuşdu. Bu razılığı 2018-ci ildə, qəbul olunmuş rəyin əksinə olaraq rəngli deyil, Ermənistan üçün tamamilə qara inqilabla hakimiyyətə gələnlər vermişdi”, - deyə məqalədə bildirilib.
Nəşr yazıb ki, həmin avantüradan hər kəsin qazandığı ölçülə biləndir, Ermənistanın və erməni xalqının itirdiyi də ölçülə biləndir, beş min ölü qeydə alınıb.
“Amma mayın əvvəlində İrəvanda bizim itkilərimiz yox, Avropa nümayəndə heyətlərinin avtomobil karvanlarının uzunluğu və bunun fonunda “Vətəndaş Müqaviləsi” partiyası nümayəndələrinin həyasız dillərinin nə qədər uzandığı ölçüləcək. Çünki avtomobil karvanları ilə gələn xanımlar, cənablar və hələ qərar verməyənlər Paşinyanın kövrək çiyninə o qədər vuracaqlar ki, geri qayıtmış həyat yoldaşı belə bu ağırlığı daşımağa kifayət etməyəcək.
Onlar Paşinyanı “hibrid müharibəyə qarşı mübarizədə” göstərdiyi sarsılmaz səylərə görə təbrik edəcəklər. Şimal paytaxtında hibrid müharibənin hədəfi elan olunan bir şəxsə rəqibləri tərəfindən açıq qucaqla yanaşılmasından doğan məmnuniyyətlərini gizlətməyə çalışacaqlar. Avropalıların İrəvandakı kef məclisi insan haqları, azadlıqlar, demokratiya və digər gözəl anlayışlarla bağlı həyasız bəyanatlarla müşayiət olunacaq.
Vaxtilə indiki “demokratiya qalası”nın müvəqqəti rəhbəri tərəfindən “avroyoncalar” adlandırılan bu şəxslər həmin bəyanatları verərkən, dəstəklədikləri adamın bütün bu dəyərlərin əksi olmasına məhəl qoymayacaqlar. Onların səmimiyyəti gecə klubundakı striptiz rəqqasələrinin pullu emosiyalarından artıq olmayacaq. Makron, Kallas və digərləri, əgər “Vətəndaş Müqaviləsi” partiyasının bəxti gətirsə, İrəvanda avrostriptiz nümayiş etdirəcəklər. Onlar vaxtilə real və sivilizasiyalı Avropa dəyərləri ilə gecə klublarında işləyənlərin parça qırıntıları ilə davrandığı kimi davranacaqlar”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, “Vətəndaş Müqaviləsi” partiyası bu avrostriptiz üçün təkcə ödəniş etməyib, həm də çaypulu ilə ödəməyə davam edir.
“Artıq hamı üçün əhəmiyyətsiz görünən yeganə xırda fərq odur ki, ödəniş Ermənistanın son qırıntıları hesabına edilir”, - deyə müəllif əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az