Erməni politoloq: “Ermənistan-Türkiyə sərhədinin açılması son dərəcə uzun və ağır proses olacaq”

2026/04/1776850216.jpg
Oxunub: 599     10:51     24 Aprel 2026    
“TRIPP (Zəngzəur dəhlizi-red.) proqramı niyə ortaya çıxdı və hansı məqsədləri var idi?”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ara Poğosyan deyib.

“Bakı və Ankara ardıcıl şəkildə Ermənistandan dəhliz tələb edirdilər. ABŞ-nin və ya Donald Trampın şəxsi səylərinin uğur qazanması və müəyyən nəticə verməsi üçün Azərbaycan və Türkiyənin məqsədlərini elə bir layihədə uyğunlaşdırmaq lazım idi ki, bu, Ermənistanda kəskin qarşılanmasın, eyni zamanda Azərbaycanda və Türkiyədə geri addım kimi qəbul edilməsin.

Belə vəziyyətdə TRIPP layihəsi meydana çıxdı və onu sırf kommersiya layihəsi kimi yenidən formatlamağa cəhd edildi. Üstəlik, xüsusilə Ermənistan hakimiyyəti bunu sırf Ermənistan-ABŞ təşəbbüsü kimi təqdim edir, guya bunun dəhliz məntiqi ilə heç bir əlaqəsi yoxdur və avqust ayında ilkin imzalanmış bəyanat qarşılıqlı və ya güzgü prinsipi ilə yolların açılmasını nəzərdə tuturdu. Halbuki sonradan bu məsələ daha detallı şəkildə aydınlaşdırıldı və məlum oldu ki, Azərbaycanda və Türkiyədə yanaşma belə deyil”, - deyə o qeyd edib.

Poğosyan bildirib ki, Azərbaycan və Türkiyə bu layihəni Zəngəzur dəhlizinin bir hissəsi kimi qəbul edirlər.

“Xüsusilə bu, xarici oyunçulara, o cümlədən Avropa İttifaqının əsas dövlətlərinə və ABŞ-yə yönəlib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsi və ya alternativi ola bilər. Bilirik ki, həm Orta Dəhliz, həm də digər dəhliz layihələri, o cümlədən Çinin başladığı Kəmər və Yol təşəbbüsü geosiyasi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə buna geosiyasi mahiyyət verməyə çalışaraq Ermənistan üzərində təzyiqi hər vasitə ilə artırırlar ki, bu layihə reallığa çevrilsin.

Reallıqda nə görürük? Azərbaycan bu yolu hələ də Zəngəzur dəhlizi və ya onun bir hissəsi kimi qəbul edir. Türkiyə bunu Orta Asiyanı Türkiyə və onun vasitəsilə Avropa ilə birləşdirməli olan mühüm tranzit marşrut sayır. Digər tərəfdən, xüsusilə Azərbaycan tələb edir və görünür ki, bunun üçün zəruri texniki həlli də əldə edib ki, onun vətəndaşları erməni sərhədçilərlə qarşılaşmasınlar. Bu məsələ də əslində TRIPP-in təklif etdiyi mexanizmlərlə həll olunub”, - deyə Poğosyan bildirib.

O vurğulayıb ki, bu layihə ABŞ üçün milyardlarla dollar gətirəcək meqalayihə deyil, ABŞ-yə böyük maliyyə axını olmayacaq, Ermənistana da hansısa ciddi vəsait daxil olmayacaq.

“Bu, sadəcə real siyasi mahiyyətin iqtisadi çalarlarla təqdim edilməsidir ki, Ermənistanda müqavimət doğurmasın və sırf iqtisadi layihə kimi qəbul olunsun. Təbii ki, belə layihələrə yalnız iqtisadi tərəfdən baxmaq olmaz. Çünki onun siyasi və geosiyasi əhəmiyyəti var və Azərbaycan tərəfindən tələb və təzyiq olmasaydı, bu layihə heç vaxt reallığa çevrilməzdi. Bunun siyasi, xüsusilə regional siyasi və geosiyasi böyük əhəmiyyəti olduğuna görə belə yol məhz Mehri hissəsində nəzərdə tutulur və biz buna TRIPP deyirik.

Bu, təzyiq, məcburetmə və təhdidlər altında yaranan layihədir. Bunlar olmasaydı, Ermənistanda belə yola ehtiyac qalmazdı. Əgər buna İran-ABŞ, İran-İsrail qarşıdurması prizmasından baxsaq, düşünürəm ki, bu layihənin ümumiyyətlə reallaşmayacağı və ya az qala dərhal həyata keçəcəyi barədə deyilənlərin hər ikisi şişirdilmiş yanaşmadır. Çünki bu layihənin iki aydın faydalananı var və onlar indi fəal şəkildə öz hissələrinə düşən yolları tikməyə çalışırlar. Düşünürəm ki, bu iki faydalanan tərəf, yəni Türkiyə və Azərbaycan bu yolun reallaşması üçün hər şeyi edəcək”, - deyə Poğosyan qeyd edib.

Poğosyan deyib ki, TRIPP-in reallığa çevrilməyəcəyi barədə bəyanatlar və proqnozlar şişirdilib.

“Çünki əsas iki faydalanan tərəf hər şeyi edəcək ki, bu layihə, əgər TRIPP adı ilə olmasa da, ən yaxşı halda başqa statuslu layihə kimi həyata keçsin”, - deyə o qeyd edib.

Erməni politoloqun sözlərinə görə, Kılıçla danışıqlarda deyirdilər ki, heç bir ilkin şərt yoxdur.

“Kılıçla danışıqlarda deyirdilər ki, heç bir ilkin şərt yoxdur, ön şərtsiz razılaşmışıq. Elə bu özü göstərirdi ki, konkret ön şərtlər mövcuddur. Türkiyə tərəfi onlardan heç vaxt imtina etməyəcək. Bunlar yalnız Ermənistan-Azərbaycan münasibətlərinə deyil, daha qlobal münasibətlərə də aiddir. Burada məsələ sırf regional deyil, daha çox geosiyasidir. Bu, Türkiyənin geosiyasi iddialarını təmin etməlidir.

Mənim fikrimcə, Ermənistan-Türkiyə sərhədinin açılması son dərəcə uzun və ağır proses olacaq. Türkiyə Ermənistandan mümkün qədər çox şey almağa çalışacaq. Açıq sərhədlər barədə nə qədər çox danışırlarsa, bu, həmin sərhədlərin açılmayacağına dair bir o qədər çox siqnaldır. Nə qədər az danışsalar, proses bir o qədər sürətli gedər. Əgər bu barədə davamlı danışırlarsa, deməli problemlər daha dərindir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poğosyan   Ermənistan  


Bizi "telegram"da izləyin