Daxili siyasi vəziyyət də daha yaxşı deyil. İranda faktiki qərar qəbul edən vahid hakimiyyət yoxdur. Ekspertlər belə nəticəyə gəlmək üçün xarici işlər naziri Abbas Əraqçi ilə bağlı hadisəni əsas götürürlər. O, sosial şəbəkədə Hörmüz boğazının açıq olduğunu yazdıqdan bir neçə saat sonra İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi gəmiləri Hindistan yük gəmisinə atəş açıblar. ABŞ kəşfiyyatı iranlı zabitlərdən birinin radio danışığını yazmağa nail olub, həmin danışıqda o, Əraqçini “tvit yazan idiot” adlandırıb.
İsrail mediası Tehrandakı “müxalif mənbələrə” istinadən yazıb ki, “qapalı müzakirə zamanı parlament sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə razılaşmaya qarşı çıxan mühafizəkarları sərt tənqid edib”. Məlumata görə, xüsusilə Qalibafla Milli Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili və deputat Əmir-Hüseyn Sabəti arasında münasibətlər gərgindir.
Vəziyyət ona görə mütəsnadır ki, həlak olmuş atasının yerinə ali dini lider “seçilən” Müctəba Xameneyi faktiki olaraq fəaliyyətsizdir. Ekspertlərin əksəriyyəti əmindir ki, İranda hakimiyyət “faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusuna keçib və o, müharibəni qalibiyyətli sona qədər davam etdirməyin tərəfdarıdır”. Mənbələr bildirib ki, ABŞ-nin danışıqlar qrupu “artıq İslamabada çatıb və İran nümayəndə heyətini gözləyir”. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, “ya razılaşma bir gün ərzində baş tutacaq, ya da bombardmanlar yenidən başlayacaq”.
Yaranmış vəziyyətdə yalnız İranın deyil, Yaxın Şərqin və qonşu regionların gələcəyi faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandanlığının əlindədir. “Israel Inside” yazıb ki, “yaxın günlərdə böyük ehtimalla parlament sədri Qalibaf və xarici işlər naziri Əraqçi vəzifədən uzaqlaşdırılacaq”. Əgər hadisələr bu ssenari üzrə inkişaf etsə, o zaman İranda hakimiyyət tam şəkildə İslam İnqilabı Keşikçiləri Korpusuna keçəcək və ABŞ ilə İsrailə qarşı qarşıdurma daha da dərinləşəcək ki, bu da ölkənin dövlət sisteminin çökməsi və parçalanması ilə nəticələnə bilər.
Asif Cəfərov
Ordu.az