Almaniya tərəfi Rusiya səfirinə bildirib ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən Almaniya ərazisində hərbi sənaye şirkətlərinin ünvanlı şəkildə işarələnməsi “Ukraynaya göstərilən dəstəyi zəiflətmək məqsədi güdür”. Rəsmi paylaşımda qeyd olunana görə, Berlin Moskvaya çatdırıb ki, “belə təhdid və hər cür casusluq fəaliyyəti qəbuledilməzdir”. Almaniya Xarici İşlər Nazirliyi yekunda bildirib ki, onu “qorxutmaq mümkün deyil”.
Məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyi Avropa ölkələrində Ukraynanın ehtiyacları üçün silah istehsalını “müharibəyə birbaşa cəlb olunmanın sübutu” kimi qiymətləndirib, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə bəyan edib ki, “həmin müəssisələr Rusiya Federasiyası üçün qanuni hədəfdir”.
Almaniya Rusiya Müdafiə Nazirliyinin yayımına və Təhlükəsizlik Şurasının katibi Şoyqunun təhdidinə reaksiya verən ilk Avropa ölkəsidir. Berlinin cavabı aydındır: Ukraynaya hərbi dəstək davam etdiriləcək, Rusiyanın mövqeyi qəbuledilməzdir. Görünür, bunda Rusiya xarici işlər naziri Lavrovun Almaniyanı “nasizmin dirçəlişinə yönəlmiş olmaqda” ittiham etməsi də rol oynayıb.
Məlumata görə, Berlində “məcburi hərbi xidmətin bərpası, eləcə də hərbi sənayenin tam modernləşdirilməsi proqramı ciddi şəkildə müzakirə olunur”. Almaniya kansleri Merts Avropanın yeni təhlükəsizlik arxitekturasının tərəfdarıdır. Rusiya xarici işlər naziri Lavrov hətta proqnoz verib ki, Almaniya Finlandiya ilə “hərbi ittifaqı müzakirə edir”.
Finlandiya, məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra NATO-ya qoşulub. Rusiyanın xarici işlər naziri təbliğat müstəvisində faktiki olaraq İkinci Dünya müharibəsi ərəfəsindəki hərbi-siyasi vəziyyəti bərpa edib. Həmin vaxt Finlandiya Almaniyanın müttəfiqi idi və bu, SSRİ-nin ona müharibə elan etməsi və əhəmiyyətli əraziləri işğal etməsi üçün bəhanə olmuşdu.
Demək çətindir ki, Moskva bu gün də “eyni ssenarini müzakirə edir”, lakin Şoyqunun eyni anda bir neçə Avropa ölkəsinin ünvanına səsləndirdiyi təhdid Rusiyanın Avropa ilə hərbi qarşıdurmanı istisna etmədiyini düşünməyə əsas verir. Rusiya mətbuatında “NATO tərəfindən Kalininqrad vilayətinin blokadaya alınması ehtimalı” müzakirə olunur. Daha əvvəl keçmiş baş nazir müavini Dmitri Roqozin açıq şəkildə “Suvalki dəhlizinin tutulmasının zəruriliyindən” danışıb. Söhbət Latviya ərazisinin Belarus vasitəsilə Rusiya ilə onun anklavı Kalininqrad arasında quru əlaqəsini təmin edən hissəsindən gedir.
Asif Cəfərov
Ordu.az