Ordu.az xəbər verir ki, bu çərçivədə Ukraynanın müdafiə şirkəti “Fire Point” ilə Almaniyanın raket və hava hücumundan müdafiə sistemləri istehsalçısı “Diehl Defence” arasında texnoloji əməkdaşlıq razılaşması imzalanıb.
Sözügedən inkişaf Rusiyanın mütəmadi ballistik raket hücumları qarşısında Ukrayna üçün kritik əhəmiyyət daşıyır. Hazırda bu cür təhdidlərə qarşı ən mühüm müdafiə vasitələrindən biri MIM-104 “Patriot” sistemləri olsa da, bu sistemlərin sayının məhdud olduğu bilinir.
“Freya” layihəsi diqqət çəkir
Bu çərçivədə Avropa mərkəzli ballistik raket qalxanı yaratmağı hədəfləyən Ukraynanın “Freya” layihəsi önə çıxır. “Fire Point” təsisçi ortaqlarından Denis Ştilermana görə, sistem Avropa radarları, komanda mərkəzləri və rəqəmsal məlumat paylaşım şəbəkələri ilə inteqrə edilmiş şəkildə işləyəcək formada layihələndirilir.
Hazırlayıcı şirkət yeni sistemin ballistik hədəfləri ya öz axtarıcı başlığı ilə, ya da xarici hədəfləmə məlumatı üzərindən məhv edə biləcəyini bildirir.
“Reuters” daha əvvəl “Fire Point”in “Patriot” sistemlərinə daha aşağı xərcli alternativ olaraq yeni hava hücumundan müdafiə sistemi hazırlamaq üçün avropalı tərəfdaşlarla danışıqlar apardığını çatdırmışdı.
Layihənin həyata keçirilməsi halında Ukraynanın raket təhdidlərinə qarşı yeni müdafiə təbəqəsi qazanacağı, Avropanın isə Ukraynanın sahədəki təcrübələrini də əhatə edən ortaq müdafiə arxitekturasına sahib olacağı qiymətləndirilir.
Almaniya ilə bağlı açıqlamada ballistik raket müdafiəsinə açıq şəkildə vurğu edilməsi bu cür layihələrin konsepsiya mərhələsindən çıxaraq konkret tətbiq mərhələsinə keçdiyini göstərir.
Sevinc Əliyeva
Ordu.az