Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətin açıqlamasına görə, DESAN Malayziya ilə müdafiə və dənizçilik sahəsində əməkdaşlığı yeni müqavilə ilə gücləndirib.
Şirkət MMEA üçün inşa ediləcək ikinci Çoxməqsədli Sahil Mühafizə Gəmisinə dair müqavilə imzalayıb.
İmza mərasimi və proses
Malayziyanın daxili işlər naziri Saifuddin Nasution Bin İsmailin ev sahibliyi ilə təşkil olunan mərasimdə imzaları DESAN gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Cenk İsmail Kaptanoğlu ilə Malayziya Daxili İşlər Nazirliyinin baş katibi Datuk Avanq Alik Bin Yeman atıb.
Layihənin qəbul məktubu isə Prezident Külliyəsində təşkil olunan mərasimdə imzalanmışdı.
MPMS-2-nin qabiliyyətləri
MPMS-1 layihəsində qeydə alınan irəliləyiş və ortaya qoyulan texniki uğurlardan sonra imzalanan müqavilə iki ölkə arasındakı etimada əsaslanan əməkdaşlığın güclənərək davam etdiyini göstərir.
MPMS-2 eyni platforma üzərində hazırlanan ilk gəminin qabiliyyətlərinə əlavə olaraq sürətli müdaxilə qayıqları, pilotsuz uçuş aparatı inteqrasiyası, helikopter platforması və tam təchizatlı səhiyyə xidmətləri infrastrukturu ilə təchiz olunacaq.
Layihə çərçivəsində əlavə olaraq DESAN tərəfindən hazırlanacaq bir İnsansız Dəniz Platforması da sistemə inteqrasiya edilərək mühüm texnologiya ixracı həyata keçiriləcək.
Texniki xüsusiyyətlər və istehsal prosesi
Türk mühəndisliyi və işçi qüvvəsi ilə Türkiyədə inşa ediləcək yerli dizayn gəminin təxminən 24 ay ərzində tamamlanaraq təhvil verilməsi planlaşdırılır.
Gəmi 99 metr uzunluğa malik olacaq, yüksək əməliyyat qabiliyyətləri, çoxtərəfli tapşırıq imkanları və qabaqcıl texnoloji avadanlıqları ilə Malayziya Sahil Mühafizə Komandanlığının ən mühüm ünsürlərindən biri olacaq.
Layihə “Türk Loydu” klassifikasiyası altında həyata keçiriləcək. Başda ASELSAN və HAVELSAN olmaqla Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərinin töhfələri ilə qabaqcıl texnologiya sistemləri gəmiyə inteqrasiya ediləcək.
Kaptanoğludan açıqlama
Açıqlamada fikirlərinə yer verilən DESAN gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Cenk İsmail Kaptanoğlu MPMS-1 layihəsində ortaya qoyduqları uğurun MPMS-2 müqaviləsi ilə güclü əməkdaşlığa çevrildiyini bildirib.
Bu inkişafı Türkiyə ilə Malayziya arasında etimada əsaslanan, uzunmüddətli tərəfdaşlığın konkret göstəricisi kimi gördüklərini bildirən Kaptanoğlu bunları qeyd edib:
“DESAN olaraq ən mühüm istinadımız layihələrimizi hər zaman vaxtında və büdcə hədəfləri çərçivəsində tamamlamaqla bağlı güclü keçmişimizdir. MPMS-2 layihəsində də eyni intizam və yüksək iş intizamı ilə hərəkət edəcəyik. Malayziya ilə əməkdaşlığımızı yalnız gəmi inşası layihələri ilə məhdud görmür, onu uzunmüddətli və davamlı sənaye tərəfdaşlığı kimi qiymətləndiririk. Bu vizyonun bir hissəsi olaraq bu gün günortadan sonra 2026-cı il aprelin 21-də Malakkada həyata keçirəcəyimiz gəmiqayırma zavodu layihəmizin təməlqoyma mərasimi ilə əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracağıq”.
Sevinc Əliyeva
Ordu.az