“Nurol Makina” Malayziyada zirehli vasitə istehsalı üçün saziş imzalayıb

2026/04/1776771992.jpg
Oxunub: 483     15:45     21 Aprel 2026    
“Nurol Makina” Malayziyada keçirilən DSA 2026 Müdafiə Sərgisi çərçivəsində Malayziyanın “Nadicorp/Badanbas” qrupu ilə 4x4 zirehli vasitələrin yerli istehsalına dair anlaşma memorandumu imzalayıb.

Ordu.az xəbər verir ki, bu saziş Türkiyə müdafiə sənayesinin Asiya-Sakit okean bölgəsindəki mövcudluğunu gücləndirən mühüm addım kimi qiymətləndirilir.

Saziş yüksək səviyyəli iştirakla imzalanıb

Memorandumu “Nurol Makina”nın baş direktor müavini Anıl Karel ilə “Nadicorp/Badanbas”ın icraçı direktoru Mohammad Imran Mohd Bin Nadzmi imzalayıb.

Tərəflər sazişi “yalnız bir iş imkanı deyil, etimad, təcrübə paylaşımı və qarşılıqlı inkişaf üzərində qurulmuş uzunmüddətli strateji tərəfdaşlıq” kimi xarakterizə ediblər.

Malayziyada yerli istehsal və ixrac hədəfi

Saziş çərçivəsində 4x4 zirehli vasitələrin Malayziyada lisenziyalı istehsalı həyata keçiriləcək. İstehsal olunan vasitələrin yalnız daxili bazarla məhdudlaşmayaraq Asiya-Sakit okean bölgəsi ölkələrinə ixracı da planlaşdırılır.

Bu çərçivədə Malayziyanın Türkiyə zirehli vasitə texnologiyaları üçün regional istehsal və ixrac bazasına çevrilməsi hədəflənir.

“Ejder Yalçın” və NMS platformaları istehsal olunacaq

İstehsal proqramı çərçivəsində “Nurol Makina”nın sahədə özünü sübut etmiş platformaları olan “Panthera” 4x4 (Ejder Yalçın) və NMS 4x4 vasitələri ön plana çıxır.

Bu platformaların:

Yüksək qoruma səviyyəsi
Üstün hərəkət qabiliyyəti
Modulyar dizayn quruluşu


kimi xüsusiyyətləri ilə xüsusilə asimmetrik təhdidlərə qarşı effektiv həllər təqdim etdiyi bildirilir.

Texnologiya transferi və yerli imkanların inkişafı

Sazişin mühüm istiqamətlərindən biri də texnologiya transferi olacaq. Bu çərçivədə Malayziyanın müdafiə sənayesində yerlilik nisbətinin artırılması və davamlı istehsal infrastrukturunun yaradılması hədəflənir.

Yerli istehsal modeli sayəsində maya dəyəri üstünlüyü, sürətli təhvil və logistika rahatlığı da təmin olunacaq.

Mövcud əməkdaşlıq yeni mərhələyə daşınıb

İki şirkət arasındakı əməkdaşlıq daha əvvəl də konkret nəticələr verib. “Nurol Makina” “Nadicorp” vasitəsilə Malayziya Silahlı Qüvvələrinə 20 ədəd “Panthera” 4x4 (Ejder Yalçın) zirehli vasitə təhvil verib.

Bu vasitələr BMT Müvəqqəti Livan Qüvvələri (UNIFIL) tərkibində Malayziya birlikləri tərəfindən fəal istifadə olunur və sahədə etibarlılığını sübut edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nurol-Makina   Malayziya  


Bizi "telegram"da izləyin