Ordu.az xəbər verir ki, TUSAŞ Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən “Defence Services Asia” (DSA) 2026 sərgisində məhsul və imkanlarından nümunələr nümayiş etdirir.
Malayziyanın Baş naziri Ənvər İbrahim sərgi çərçivəsində TUSAŞ stendini ziyarət edərək, nümayiş etdirilən reaktiv təlim təyyarəsi HÜRJET-in real ölçülü maketini imzalayıb.
Demiroğludan DSA və əməkdaşlıq vurğusu
Demiroğlu Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən DSA 2026 sərgisi ilə bağlı açıqlamasında bildirib ki, DSA Asiyanın ən köklü və ən böyük müdafiə sərgilərindən biridir.
Türkiyə ilə Malayziya arasında müdafiə əməkdaşlığının güclü zəmin üzərində irəlilədiyini vurğulayan Demiroğlu deyib: “Bizim də Malayziya ilə münasibətlərimiz çox yaxşı vəziyyətdədir. TUSAŞ olaraq Malayziya Hərbi Hava Qüvvələrinə üç ədəd ANKA pilotsuz uçuş aparatı layihəmizin təhvilini başa çatdırdıq. Bu, bizim üçün çox böyük əhəmiyyət daşıyan uğur idi”.
Yeni layihələr və Malayziya ofisi
TUSAŞın Malayziya ilə yeni layihələr üzərində işləməyə davam etdiyini bildirən Demiroğlu Malayziyadakı TUSAŞ ofisinin əhəmiyyətinə toxunaraq deyib: “Malayziya ilə həm pilotsuz uçuş aparatları sahəsində, həm də HÜRJET üzrə işlərimiz davam edir. Burada 120 nəfərdən çox əməkdaşa çatmış TUSAŞ Malayziya ofisimiz var. Ofisimiz ölkələr arasında körpü vəzifəsi görür. Həm Malayziyanın insan və mühəndislik resurslarına, həm də infrastrukturuna çatmağımızı təmin edir”.
Malayziya ilə strateji tərəfdaşlıq
Mehmet Demiroğlu Malayziyanın müdafiə sahəsində Türkiyə üçün mühüm tərəfdaş olduğuna işarə edərək, ölkədəki digər Türkiyə şirkətlərinin də yeni layihələrdə yer almasını gözlədiklərini söyləyib.
Türk müdafiə sənayesinin bölgədə daha böyük layihələrə imza atacağına inandıqlarını bildirən Demiroğlu belə qiymətləndirib:
“Malayziya inkişaf etməkdə olan ölkələrin ön sıralarındadır, əslində bir çox baxımdan inkişaf etmiş ölkədir. Müdafiə sahəsində də Türkiyə ilə çox yaxın münasibətləri var. Türkiyədəki digər şirkətlərimiz də inşallah daha böyük layihələrdə yer alacaqlar. Sərgi həqiqətən maraq çəkir. Mən inanıram ki, qarşıdakı illərdə biz TUSAŞ olaraq və Türkiyənin müdafiə sənayesi olaraq daha böyük layihələri birlikdə həyata keçirəcəyik”.
Sevinc Əliyeva
Ordu.az