Rusiya Prezidenti vurğulayıb ki, həmin “əməkdaşlığa münasibətdə Rusiya ən azı tarixi mülahizələrdən çıxış edərək keçmişdə də xüsusi yanaşmaya malik olub, indi də malikdir və gələcəkdə də malik olacaq”.
MDB ölkələri ilə münasibətlər barədə Putin tərəfindən distant formatda keçirilən Təhlükəsizlik Şurası iclasında məruzə ilə xarici işlər naziri Sergey Lavrov çıxış edib. Nə Kremlin mətbuat xidməti, nə də Xarici İşlər Nazirliyinin rəsmi saytı Lavrovun məruzəsinin məzmunu barədə heç olmasa ümumi xarakterli məlumat yayıb. Bu da onu göstərir ki, məsələ qapalı rejimdə müzakirə olunub və Vladimir Putinin giriş nitqinin tonu yalnız müzakirələrin əhəmiyyətindən diqqəti yayındırmaq məqsədi daşıyıb.
Bu ehtimalın xeyrinə onu da göstərmək olar ki, Təhlükəsizlik Şurasının iclasında Rusiyanın iki xüsusi xidmət orqanının, yəni Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin direktorları Aleksandr Bortnikov və Sergey Narışkin iştirak ediblər. Bu isə o deməkdir ki, müzakirə mövzusu heç də “tarixi mülahizələr” olmayıb. Görünür, əgər buna toxunulubsa, o halda MDB ölkələrinin “Rusiya ilə tarixi tale ilə bağlı olduğu” kontekstində toxunulub.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiya və MDB ölkələri arasında “əməkdaşlıq” məsələsi Rusiya Təhlükəsizlik Şurasında məhz Moldovanın rəsmi şəkildə MDB üzvlüyünə xitam verdiyi gün müzakirə mövzusu olub. Məlum olub ki, Moldova qondarma “Dnestryanı”dakı Rusiya operativ qoşun qruplaşmasının komandanını və onun müavinlərini “arzuolunmaz şəxs” elan edib. Faktiki olaraq bu, Kişinyovun Moskvaya qondarma “Dnestryanı”dan qoşunlarını çıxarmaq tələbi irəli sürdüyü anlamına gəlir. “RIA Novosti” Moldova Prezidenti Maia Sandunu konstitusion neytrallıqdan və ölkənin suverenliyindən “imtina etməkdə” ittiham edib.
MDB ölkələri ilə münasibətlər məsələsinə dair Rusiya Təhlükəsizlik Şurasının iclasında şübhəsiz ki, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanları konkret tapşırıqlar alıblar. Ermənistan baxımından son dərəcə vacibdir ki, bu tapşırıqlar böyük ehtimalla ilk növbədə seçki prosesinə aiddir. İlk növbədə informasiya-təbliğat “inyeksiyaları”nın həcmcə artacağını və məzmun baxımından daha da kəskinləşəcəyini gözləmək lazımdır, Rusiyanın xüsusi xidmət orqanlarının nə planlaşdırdığını isə yalnız ehtimal etmək olar.
Asif Cəfərov
Ordu.az