Ordu.az xəbər verir ki, Fransa gələcəkdə istifadə edəcəyi YARS ilə bağlı qərara yaxınlaşarkən, bir tərəfdən yerli olaraq hazırlanmış sistemləri sınaqdan keçirir. Fransa Müdafiə Təchizat Agentliyinin (DGA) rəhbərinə görə, bu sınaqlar bir neçə həftə ərzində xarici sistemlərlə müqayisə aparmağa imkan verəcək.
Bu çərçivədə DGA rəhbəri Patrik Pailloux aprelin 15-i çərşənbə günü parlament iclasında çıxışı zamanı yerli olaraq hazırlanmış bir YARS-ın əvvəlki gün keçirilən ilk sınaqlarının “yaxşı keçdiyini” və gələn həftə üçün daha çox sınağın planlaşdırıldığını açıqlayıb.
Yerli və xarici alternativlər
Fransa istehsalı olan bir YARS üzərində çalışan komandalardan birini “Safran” və MBDA təşkil edərkən, “Thales” və “ArianeGroup” da rəqib təklif hazırlayır. Hazırda digər Avropa qüvvələrində aktiv xidmətdə olan xarici alternativlər arasında isə Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti tərəfindən hazırlanmış “Chunmoo”, İsrailin “Elbit Systems” şirkətinin PULS-u və ABŞ-nin “Lockheed Martin” şirkətinin HIMARS sistemi yer alır.
“Defense News”un məlumatına görə, Pailloux bildirib: “Bunu böyük münaqişə vəziyyətində mütləq prioritet tələb kimi görən Ordudan ciddi təzyiq var, çünki ilk bir neçə gün ərzində tab gətirmələri lazım gələcək. Bu, qəti şəkildə malik olmaları vacib olan bir qabiliyyətdir. Buna görə əsas sual budur: bunun dəyəri nə qədər olacaq, vaxt cədvəli necədir, nə vaxt təhvil verə biləcəklər?”.
Bu çərçivədə Paillouxun sözlərinə görə, Fransanın hədəfi 300 sursatla 26 sistem almaq və 2030-cu ilə qədər bir YARS taborunu mərhələli şəkildə təchiz etməkdir. Bu arada Fransa M270 YARS-ının modernləşdirilmiş variantı olan və 2027-ci ildə xidmət müddətini başa vuracaq əlindəki son 9 “Lance-Roquettes Unitaire” bölməsini əvəz etmək üçün tələsir.
Fransanın ballistik raket investisiyaları
Fransa 2500 kilometr mənzilli, qurudan buraxılan bir ballistik raket üzərində də işləyir. Belə ki, bu il sistem üzərində işlərə başlamaq üçün 1 milyard avro (1,2 milyard dollar) büdcə ayrılıb. “Defense News”un məlumatına görə, plan manevr qabiliyyətinə malik hipersəs sürətli süzülən aparat (HGV) başlığı daşıyan ballistik raket istehsal etməkdir.
Rəsmi hədəf 2035-ci il olsa da, Pailloux Fransanın bu tarixədək sözügedən qabiliyyəti əldə etməkdə “çətinlik yaşamayacağını”, lakin bunun “gec tarix” olduğunu qəbul edir. Rəhbərə görə, DGA, məsələn, radioelektron qarışdırmaya qarşı (anti-jamming) tədbirləri olmayan ilk versiyanı istehsal edib bu qabiliyyətləri daha sonra əlavə etməklə tarixi “mümkün qədər 2030-a yaxın bir vaxta” çəkmək üçün işləri sürətləndirməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az