Ordu.az xəbər verir ki, bu barədə “РБК-Украина” məlumat yayıb.
Jukov istefa qərarını dünən atışma yerinə gələn, lakin atəş səslərindən sonra qaçan patrul polisləri ilə bağlı qalmaqaldan sonra qəbul edib.
“Mən döyüş zabiti kimi tutduğum vəzifədən azad olunmaq üçün ərizə vermək qərarı vermişəm. Hesab edirəm ki, bu, ədalətli olacaq”, - deyə Jukov atışma ilə bağlı mətbuat konfransında bildirib.
Jukov atışma zamanı patrulların hərəkətlərinə də münasibət bildirib.
“Onlar vəziyyəti düzgün qiymətləndirməyiblər və yaralı mülki şəxsləri təhlükədə qoyublar. Bu, çox biabırçı hadisədir. Xidməti araşdırma aparılacaq və bu hərəkətlərə görə bütün rəhbərlər məsuliyyət daşıyacaq. Həmin iki polisin rəhbəri olan bütün şəxslər”, - deyə o bildirib.
Eyni zamanda Milli Polisin rəhbəri İvan Vıqovski Jukov üçün “başqa vəzifə tapılacağını” qeyd edib.
“Ehtimal ki, bu, məhz müharibə məsələləri ilə bağlı yardım göstərilməsi ilə əlaqəli olacaq”, - deyə Milli Polisin rəhbəri dəqiqləşdirib.
Şənbə axşamı, aprelin 18-də karabinlə silahlanmış bir kişi Kiyevin Qoloseyev rayonunda atəş açıb. O, küçədə beş nəfəri öldürüb, daha sonra isə “Velmart” supermarketində barrikada qurub. Artıq supermarketin içində silahlı daha bir nəfəri - girovlardan birini öldürüb.
Polisin xüsusi təyinatlıları hücum zamanı silahlını zərərsizləşdiriblər. Onun əslən moskvalı 58 yaşlı Dmitri Vasilçenkov olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az