Fransa və Yunanıstan müdafiə sazişini daha beş il uzadacaq, Makron Afinaya gedəcək

2026/03/1773856960.jpg
Oxunub: 494     19:41     19 Aprel 2026    
Fransa prezidenti Emmanuel Makron gələn həftə İran müharibəsi fonunda iki ölkə arasında təhlükəsizlik sazişini yenidən təsdiqləmək üçün Yunanıstana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” Yunanıstan hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Fransa və Yunanıstan NATO-nun uzunmüddətli müttəfiqləri olaraq, 2021-ci ildə təhlükəsizlik və müdafiə sazişi imzalayıblar. Həmin saziş onlara hücum halında bir-birinə köməyə gəlmək öhdəliyi qoyurdu.

Sazişə həmçinin Afinanın Fransa istehsalı olan üç freqatı və “Dassault” şirkətinin təxminən 24 “Rafale” qırıcısını alması da daxil idi.

Rəsmi şəxsin anonim qalmaq şərti ilə bildirdiyinə görə, aprelin 24-25-də Makronun Yunanıstana səfəri sazişi daha beş il uzadacaq və sonrakı avtomatik uzadılma imkanı da olacaq.

Rəsmi əlavə edib ki, Makron və Yunanıstan hökuməti dəniz təhlükəsizliyi və Hörmüz boğazı ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Hörmüz boğazında gəmiçilik bazar günü İranın strateji su yoluna nəzarəti bərpa etməsindən sonra dayandırılıb. Bu, ABŞ ilə atəşkəs üzrə kövrək razılaşmanın müddətinin başa çatmasına bir neçə gün qalmış baş verib.

Yunanıstan Avropa İttifaqının Qırmızı dənizdə gəmilərin qorunmasına cavabdeh olan hərbi-dəniz missiyasına rəhbərlik edir, lakin Hörmüz boğazında hər hansı hərbi əməliyyatda iştiraka qarşıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yunanıstan  


Bizi "telegram"da izləyin