Nyu-York meri Trampla münasibətlərini “dürüst, birbaşa və effektiv” adlandırıb

2026/04/1776613165.jpg
Oxunub: 449     23:21     19 Aprel 2026    
Nyu-York meri Zohran Mamdani ABŞ prezidenti Donald Trampla münasibətlərini “dürüst, birbaşa və effektiv” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına çərşənbə günü verdiyi müsahibədə bildirib.

Bu, Trampın Mamdaninin varlı nyu-yorklular üçün yeni daşınmaz əmlak vergisi tətbiq etmək təklifinə görə onu “Nyu-Yorku məhv etməkdə” ittiham etməsindən cəmi bir gün əvvəl baş verib.

“O, Amerika Birləşmiş Ştatlarının prezidentidir. Mən isə Nyu-Yorkun meriyəm və biz bilirik ki, şəhərə lazım olan hər şey həm də federal administrasiya ilə münasibətlərdən ciddi dərəcədə asılıdır”, - deyə Mamdani vəzifəsinin ilk 100 gününə həsr olunmuş və bazar günü yayımlanan müsahibədə bildirib.

O əlavə edib ki, onların bəzən dostcasına olan münasibətləri qismən onunla izah olunur ki, “Nyu-York həm onun, həm də mənim üçün xüsusi yer tutur. Biz hər ikimiz eyni şəhərdənik”.

“Müzakirələrimiz təkcə prezidentə xas genişmiqyaslı xarakter daşımır, həm də hətta Manhettenin mərkəzində zonalaşdırma qanununa dəyişikliklər kimi özünəməxsus məsələləri də detallı şəkildə əhatə edir. Məncə, bu, Donald Trampın təkcə bu ölkənin prezidenti deyil, həm də bütün həyatı boyu nyu-yorklu olmuş biri olduğunu göstərir və bunun əhəmiyyəti var”, - deyə mer əlavə edib.

Xatırladaq ki, Tramp və Mamdani müxtəlif mövzular üzrə bir-birini dəfələrlə tənqid ediblər. Nyu-York meri ABŞ prezidentinin Venesuela və İrana münasibətdə siyasətindən narazı idi, Tramp isə Mamdanidən doğma şəhərinin meri kimi məyus olduğunu bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mamdani   Tramp  


Bizi "telegram"da izləyin