Kiyevdə atışma qurbanlarının sayı 6-ya çatıb, atəş açan şəxs öldürülüb - YENİLƏNİB

2026/04/1776528882.jpg
Oxunub: 939     21:52     18 Aprel 2026    
Kiyevdə axşam saatlarında atışma baş verib. Bir neçə nəfəri öldürən və yaralayan, daha sonra “Velmart” supermarketində barrikada quran kişi zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, silahlı şəxs yoldan keçənlərə xaotik şəkildə atəş açıb, bundan əvvəl isə öz mənzilini yandırıb.

Qeyd edilir ki, xüsusi təyinatlı qüvvələr onun barrikada qurduğu supermarketə hücum zamanı atəş açan şəxsi məhv ediblər. O, 40 dəqiqə davam edən danışıqlardan sonra girovlardan birini öldürüb.

Faciə nəticəsində altı nəfər həlak olub, daha 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralananlar arasında karbon qazından zəhərlənən dörd aylıq körpə də var.

İlkin məlumata əsasən, atəş açan şəxs əslən moskvalı 58 yaşlı Dmitri Vasilçenkov olub.

Cinayətkar qanuni qeydiyyatdan keçmiş tüfəngdən istifadə edib, heç bir tələb irəli sürməyib və danışıq aparanların çağırışlarını tamamilə nəzərə almayıb.

***

Naməlum şəxs bu gün Kiyevin rayonlarından birində insanlara atəş açıb. Bunun nəticəsində bir nəfər ölüb, yaralananlar var.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Kiyev Polisi”nin “Telegram” kanalına istinadən məlumat yayıb.

“Naməlum şəxs Qoloseyev rayonunda insanlara atəş açıb... İlkin məlumata görə, bir nəfər ölüb, yaralananlar var. Qurbanların sayı dəqiqləşdirilir”, - deyə açıqlamada bildirilib.

Polisin xüsusi dəstələri və KORD xüsusi təyinatlıları artıq hadisə yerinə göndərilib. Hüquq-mühafizə orqanları hazırda cinayətkarın saxlanılması üçün xüsusi əməliyyat həyata keçirir. Polisdən bildirilib ki, insidentlə bağlı məlumat yenilənəcək.

İnternetdə yazılıb ki, kişi avtomatdan atəş açıb. “RBK-Ukrayna”nın mənbələrinin məlumatına görə, o, “Velmart” supermarketində barrikada qurub.

***

Ukraynanın paytaxı Kiyev şəhərinin Qolosiyevski rayonunda naməlum silahlı şəxs insanlara atəş açıb.

Ordu.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

Şəhər meri Vitali Kliçko özünün Telegram kanalında atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyatın davam etdiyini açıqlayıb.

"Atəş açan və hazırda supermarketdə olan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir. İlkin məlumata görə, supermarketin içərisində də silah səsləri eşidilib. Atışma nəticəsində bir neçə nəfər yaralanıb və bir neçə nəfər ölüb", - deyə mer bildirib. Onun sözlərinə görə, yaralılar arasında bir uşaq da var.

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə qısa müddət sonra bildirib ki, cinayətkar 1968-ci il təvəllüdlü Dmitri Vasilçenkov olub. Nazirin sözlərinə görə, silahlı şəxs supermarketdə zərərsizləşdirilib.

İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Ukrayna  


Bizi "telegram"da izləyin