“Bell Textron” Ukraynada filial yaradır və helikopter istehsalını yerliləşdirməyi planlaşdırır

2026/04/Ekran-1776507196.jpg
Oxunub: 586     14:08     18 Aprel 2026    
ABŞ şirkəti “Bell Textron” Ukraynada filial yaradıldığını və uzunmüddətli sənaye əməkdaşlığını inkişaf etdirmək üçün ayrıca ofis açmağı planlaşdırdığını elan edib. Bu, helikopter istehsalının lokallaşdırılması planlarının həyata keçirilməsinə doğru ilk addımdır.

Ordu.az xəbər verir ki, “Bell Textron” bunu mətbuat açıqlamasında bildirib.

Qeyd olunub ki, bölmə şirkətin ölkədə helikopterlərin yığılması, texniki xidməti və təmiri üzrə cari və gələcək layihələrinə dəstək verəcək.

Yeni qurum “Bell Textron Ukraine” adlandırılıb və şirkətin Ukraynadakı əməliyyat mərkəzi olacaq. Daimi ofis məkanı hələ müəyyən edilməyib.

“Bu, Ukraynanın müdafiə və sənaye bazası ilə praktiki və qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində mühüm addımdır”, - deyə “Bell” şirkətinin strateji proqramlar üzrə baş vitse-prezidenti Ceffri Şlosser bildirib.

Onun sözlərinə görə, şirkət əməkdaşlığı və uzunmüddətli inkişafı təşviq etmək üçün Ukraynada mövcudluq yaratmağa sadiqdir.

Şirkət hesab edir ki, “Bell AH-1Z Viper” və “Bell UH-1Y Venom” helikopterləri Ukraynanın müdafiə imkanlarını gücləndirə və uzunmüddətli sənaye tərəfdaşlığının əsası ola bilər.

“Bell” və Ukrayna

Genişmiqyaslı müharibənin başlanmasından sonra “Bell Textron” məhsullarını Ukrayna Silahlı Qüvvələrinə təqdim etmək səylərini artırıb. Eyni zamanda 2022-ci ildən etibarən Ukrayna hökuməti ABŞ-yə hərbi yardım çərçivəsində “Bell AH-1Z Viper” hücum helikopterlərinin verilməsi üçün müraciət edib.

2024-cü ilin iyulunda şirkət Farnborough International Airshow 2024 zamanı “Bell” 407M çoxməqsədli helikopterinin döyüş variantını rəsmi şəkildə təklif edib.

Bir il sonra, 2025-ci ilin iyulunda məlum olub ki, ABŞ şirkəti Ukrayna sənayesinə investisiya yatırmaq və Ukraynada helikopter istehsalına başlamaq niyyətindədir. Bunu o vaxt iqtisadiyyat naziri Oleksii Sobolev açıqlamışdı.

2025-ci ilin oktyabrında keçirilən AUSA 2025 beynəlxalq sərgisində Ukraynanın İqtisadiyyat, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi ilə “Bell Textron” aviasiya texnologiyaları sahəsində sənaye əməkdaşlığının inkişafına dair qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Sənəd Ukraynada istehsal və servis obyektlərinin yaradılması üçün çərçivə müəyyən edib. Xüsusilə plan “Bell” nümayəndəliyinin açılmasını və helikopterlərin son yığılması və sınağı mərkəzinin yaradılmasını nəzərdə tutur.

Bundan qısa müddət sonra “Bell Textron” Ukrayna Silahlı Qüvvələrinə “Bell AH-1Z Viper” və “Bell UH-1Y Venom” helikopterləri verməyə hazır olduğunu elan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bell-Textron   Ukrayna  


Bizi "telegram"da izləyin