Ordu.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Ukrayna prezidentinin sözlərinə görə, Yaxın Şərqdə yaranmış vəziyyət səbəbindən, xüsusilə PAC-3 raketlərinin tədarükündə gecikmə riski yaranıb.
“Qorxuram ki, bu raketlərin bizə verilməsi məsələsində ləngimə ola bilər, hətta Avropa vəsaiti hesabına belə”, - deyə o bildirib.
Zelenski vurğulayıb ki, Kiyev artıq tərəfdaşlarla, xüsusilə Yaxın Şərq və Avropa ölkələri ilə alternativ tədarük mənbələri tapmaq və Ukraynanın hava məkanının müdafiəsini gücləndirmək üçün əməkdaşlıq edir.
Ukrayna KİV-lərinin məlumatına görə, Yaxın Şərqdə münaqişənin əvvəlində İsrail və onun müttəfiqləri İran hədəflərinə qarşı təxminən 800 “Patriot” raketindən istifadə edib. Müqayisə üçün, Ukrayna bütün müharibə dövründə təxminən 600 belə raket əldə edib.
Buna görə də Pentaqon artıq Ağ evə müraciət edərək İrana qarşı müharibənin maliyyələşdirilməsi üçün Konqresə 200 milyard dollardan çox vəsait ayrılmasını təsdiqləməyi xahiş edib. Bu, ABŞ-nin ehtiyaclarının miqyasını və hərbi əməliyyatların sürətlə artan xərclərini göstərir.
Hesablamalara görə, İranda əməliyyatın ilk 12 günü ərzində ABŞ illərlə topladığı yüksək dəqiqlikli sursat ehtiyatlarını istifadə edib. Bu ehtiyatların bərpası bir neçə il çəkə bilər.
Bundan əvvəl, 2026-cı il aprelin 14-ü tarixində Ukrayna və Almaniya 4 milyard avro dəyərində geniş əməkdaşlıq paketi üzrə razılığa gəlib. Bu paket “Patriot” hava hücumundan müdafiə sistemləri üçün bir neçə yüz raketin Ukrayna Silahlı Qüvvələrinə verilməsini nəzərdə tutur.
“RBC-Ukrayna” həmçinin bildirib ki, Pentaqon “Lockheed Martin” şirkəti ilə 4,7 milyard dollar dəyərində müqavilə imzalayıb. Müqavilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün kəsici raketlərin sürətləndirilmiş istehsalını nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az