Pakistanın döyüş təyyarələri Səudiyyə Ərəbistanındadır

2026/04/Ekran-1776182152.jpg
Oxunub: 508     19:48     14 Aprel 2026    
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş və dəstək təyyarələrinin “Kral Əbdüləziz” Hava Bazasına çatdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Pakistan Hərbi Hava Qüvvələrinə (PAF) məxsus döyüş və dəstək təyyarələrinin “Kral Əbdüləziz” Hava Bazasına çatdığını açıqlayıb.

Nazirliyin rəsmi kanalları vasitəsilə yayılan məlumatda bildirilib ki, sözügedən yerləşdirmə iki ölkənin silahlı qüvvələri arasında hərbi koordinasiyanı gücləndirmək və əməliyyat hazırlığı səviyyəsini artırmaq məqsədilə həyata keçirilib.

Səudiyyə mənbələrinə əsaslanan məlumatlara görə, Pakistan “Kral Əbdüləziz” Hava Bazasına ən azı 10 döyüş təyyarəsi və təxminən 13 min quru heyətindən ibarət qüvvə yerləşdirib. Bildirilib ki, bu fəaliyyət regional və beynəlxalq təhlükəsizliyin dəstəklənməsi missiyası çərçivəsində həyata keçirilib.

Bu inkişaf Pakistanın İrandakı müharibəni başa çatdırmağa yönəlmiş danışıqlara ev sahibliyi etdiyi kritik bir mərhələdə baş verib. Digər tərəfdən, aralarında yüksək vəzifəli pakistanlı hökumət rəsmisinin də olduğu üç mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, sözügedən göndəriş İranın Səudiyyə Ərəbistanındakı kritik enerji infrastrukturunu hədəf alan və bir səudiyyəli vətəndaşın həyatını itirməsinə səbəb olan hücumlardan sonra həyata keçirilib.

Adlarının açıqlanmasını istəməyən üç mənbə bildirib ki, İranın Səudiyyə Ərəbistanındakı “Cübeyl” neft-kimya müəssisəsinə təşkil etdiyi hücum Pakistan tərəfində Ər-Riyadın cavab zərbəsi endirə biləcəyi və bunun İran sülh danışıqlarını poza biləcəyi ilə bağlı narahatlıqları artırıb. Mənbələrə görə, Pakistan bu göndərişlə Ər-Riyada Krallığın mümkün yeni hücumlardan müdafiəsinə dəstək veriləcəyi ilə bağlı təminat verməyi hədəfləyir.

Pakistan İran rəsmilərini xəbərdar edib

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, martın əvvəlində İran rəhbərlərini ölkəsinin mövcud razılaşmalara əsasən Ər-Riyad qarşısındakı öhdəlikləri ilə bağlı şəxsən xəbərdar edib. Dar qeyd edib ki, İran tərəfi Səudiyyə ərazisinin ona qarşı hücumlarda istifadə olunmayacağına dair təminat istəyib və bu təminatlar verilib. Lakin İranın Səudiyyə Ərəbistanındakı, o cümlədən kritik bazalar və bir ABŞ səfirliyi binası da daxil olmaqla hədəflərə yönəlmiş hücumları davam edib.

Bu hadisələr fonunda Pakistan Baş Qərargah rəisi ordu generalı Asim Munir martın əvvəlində Ər-Riyada səfər edib. Bu səfər zamanı iki ölkə arasında müdafiə sazişi çərçivəsində İran hücumlarını dayandırmağa yönəlmiş tədbirlər müzakirə olunub. Döyüş təyyarələrinin göndərilməsindən dörd gün əvvəl isə Pakistanın baş naziri Şərif vəliəhd şahzadə ilə telefon danışığı apararaq Pakistanın Səudiyyə Ərəbistanı ilə “çiyin-çiyinə” dayanacağını təsdiqləyib.

Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə paktı

Pakistan qüvvələrinin Səudiyyə Ərəbistanına yerləşdirilməsi iki ölkə arasında 2025-ci il sentyabrınında imzalanan “Birgə Strateji Müdafiə Sazişi”nə uyğun olaraq həyata keçirilib. Bu saziş Səudiyyə Ərəbistanı və Pakistanın artan regional gərginlik fonunda onilliklərdir davam edən təhlükəsizlik tərəfdaşlığını strateji müstəviyə daşımaq iradəsini əks etdirir.

Bu paktla iki ölkə arasındakı hərbi münasibətlər təlim və məsləhət çərçivəsindən çıxarılaraq kollektiv təhlükəsizlik doktrinası əsasına oturdulub. Saziş birgə hava hücumundan müdafiə şəbəkələrinin inteqrasiyası, real vaxt rejimində kəşfiyyat məlumatlarının paylaşılması və regional böhran anlarında qarşılıqlı təcili qüvvə köçürülməsi kimi kritik əməliyyat istiqamətlərini əhatə edir. Bununla yanaşı, Pakistan Hərbi Hava Qüvvələri hazırlıq işləri çərçivəsində 2026-cı il yanvarınında Kral Əbdüləziz Hava Bazasının ev sahibliyi etdiyi “Spears of Victory” çoxmillətli hava döyüşü təliminə də qatılıb.

Pakistan qüvvələrinin yerləşdirildiyi Şərq Sektorundakı (Zahran bölgəsi) “Kral Əbdüləziz” Hava Bazası Səudiyyə Ərəbistanının kritik enerji infrastrukturuna və Bəsrə körfəzinə yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyır. İslamabadda ABŞ və İran rəsmilərinin iştirakı ilə aparılan diplomatik trafiklə eyni vaxtda baş tutan bu hərbi intiqal Pakistanın vasitəçilik proseslərini idarə edərkən müttəfiqləri ilə sahədəki çəkindirmə qabiliyyətini qoruma strategiyası kimi qiymətləndirilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin