Ordu.az Fransa mediasına istinadən xəbər verir ki, Paris məhkəməsi müvafiq qərar çıxarıb.
Məhkəmə müəyyən etdi ki, sonradan İsveçrə şirkəti "Holcim" tərəfindən satın alınmış "Lafarge" 2013–2014-cü illərdə törəmə strukturu "Lafarge Cement Syria" vasitəsilə ümumilikdə 5,59 milyon avro (6,53 milyon dollar) "İslam Dövləti"nə və "Əl-Qaidə" ilə əlaqəli "Cəbhət ən-Nüsrə"yə ödəyib. Hər iki qruplaşma Avropa İttifaqı tərəfindən terror təşkilatları kimi tanınıb.
Sədrlik edən hakim İzabel Prevo-Depre qeyd edib ki, bu cür maliyyələşdirmə praktikası terror təşkilatlarının mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.
"Bu maliyyələşdirmə metodu, ilk növbədə İD-nin, Suriyanın təbii ehtiyatları üzərində nəzarətin əldə edilməsinə kömək etdi və həm regionda, həm də onun hüdudlarından kənarda, o cümlədən Avropada terror aktlarının maliyyələşdirilməsinə imkan yaratdı", - o vurğulayıb.
Bu, Fransada bir şirkətin terrorizmin maliyyələşdirilməsinə görə məhkum edildiyi ilk haldır.
"Lafarge" və "Holcim" şirkətləri hələlik hökmü şərh etməyiblər.
Lafarge Şalabiyədə dəyəri 680 milyon avro olan zavodun tikintisini 2010-cu ildə, növbəti ilin martında Suriyada vətəndaş müharibəsinin başlamasından qısa müddət əvvəl tamamlamışdı.
İD Suriya və qonşu İraqın geniş ərazilərini ələ keçirmişdi. Digər transmilli şirkətlər 2012-ci ildə Suriyanı tərk edərkən, "Lafarge" yalnız xarici əməkdaşlarını təxliyə etmiş, suriyalı heyəti 2014-cü ilin sentyabrınadək yerində saxlamışdı.
Ordu.az