Bu müharibə niyə baş verdi? ABŞ-İran fasiləsi vaxt qazandırır, lakin Yaxın Şərqdə müharibə riskləri hələ də bitməyib

2026/04/1775926747.jpg
Oxunub: 603     20:59     11 Aprel 2026    
“Bu gecə bütöv bir sivilizasiya öləcək və bir daha geri qayıtmayacaq”. ABŞ Prezidenti Donald Trampın bu qaranlıq və vahiməli paylaşımı uçurumun kənarında dayanan dünyanın əhvalını əks etdirirdi. Hələlik həmin qiyamət ssenarisi geri çəkilib və buna Pakistanın rəhbərlik etdiyi, son anda isə Çinin İrana razılaşmağa təsir göstərmək üçün qoşulduğu böyük pərdəarxası diplomatik səylər səbəb olub.

Hazırda qüvvədə olan şey bombardmanlara iki həftəlik kövrək fasilədir. ABŞ ilə İran arasında danışıqlar aprelin 11-də İslamabadda başlayıb. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edir. Bunun davamlı sülhəmi, yoxsa müharibənin yenidən başlanmasınamı gətirib çıxaracağını söyləmək çətindir. Bu arada, İsrailin Livanı fasiləsiz bombalaması razılaşmanı poza biləcək amilə çevrilə bilər, çünki ABŞ ilə İran Livanın atəşkəsə daxil edilməsi məsələsində fikir ayrılığı yaşayır.

Hər iki tərəf qələbə qazandığını göstərmək üçün öz narrativini formalaşdırır. ABŞ ilə İran arasında etimad çatışmazlığı qalır. ABŞ danışqların ortasında İrana iki dəfə, ötən ilin iyununda və bu ilin fevralında hücum edib. İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmadan əvvəl qeyd etmişdi: “Biz diplomatiyanın qarşıdurmanı uzatmaq üçün örtük kimi istifadə olunmasına yol verməyəcəyik”. O əlavə edərək bildirmişdi ki, “İran xalqını hər il hədələmək olmaz”.

Tramp da, İran da nəhayət, fasiləyə son müddətə təxminən 90 dəqiqə qalmış razılaşdılar. Atəşkəs gündəlik bombardmanlardan müəyyən nəfəs dərmək imkanı yaradıb və qlobal iqtisadiyyata bir qədər ümid verib. Neftin qiyməti ciddi şəkildə aşağı düşüb. ABŞ qüvvələrinə ev sahibliyi etdikləri üçün İran tərəfindən dəfələrlə hədəf alınan bölgənin Körfəz ərəb dövlətləri artıq itkilərə məruz qalıb və bu fasilə olmasaydı, daha çox zərər görə biləcəklərini anlayıblar. Onların qlobal biznes mərkəzi kimi nüfuzu artıq ciddi zərbə alıb.

Növbəti iki həftə yüksək riskli siyasi poker dövrü olacaq və hər iki tərəf hər bənd üzrə mübahisə edəcək. İsrailin narahatlığı açıq hiss olunur, çünki onun strateji məqsədləri yalnız qismən həyata keçib. O, razılaşmanı pozmaq istəyəcək. Zərbələr almış, lakin təslim olmamış İran isə kartlarını yaxşı oynadığını anlayır. Hörmüz boğazı onun ən güclü silahıdır. Dünyanın ən güclü ordusuna qarşı müharibədə onun təzyiq vasitəsi kimi malik olduğu yeganə vasitə budur. Dünya enerjisinin 20 faizinin keçdiyi bu su yoluna nəzarət etməklə İran qlobal ticarət üzərində təsir imkanına malikdir və bundan imtina etməyəcək. Tramp müharibəyə başlarkən Baş nazir Benyamin Netanyahunun belə bir qiymətləndirməsinə güvənirdi ki, İranın ali rəhbərliyi sıradan çıxarıldıqdan və güclü bombardmanlarla zəmin hazırlandıqdan sonra rejim çökəcək. Müharibə qısa və sürətli olacaq. Lakin bunların heç biri baş verməyib və Tramp daha böyük ziyan dəyməzdən əvvəl bu vəziyyətdən çıxmaq istəyir.

İran Trampın su yolunun dərhal açılması tələbi ilə razılaşıb. Əraqçi açıq bildirib ki, iki həftəlik atəşkəs müddətində boğaz açıq qalacaq və təhlükəsiz keçid yalnız İranın silahlı qüvvələri ilə “əlaqələndirmədən” sonra mümkün olacaq. Hazırda Tehran boğaza nəzarəti əlində saxlayır. İsrailin Livanı ağır bombardman etməsindən sonra hərəkəti müvəqqəti dayandırmışdı. İranın 10 maddəlik atəşkəs təklifi hər gəmidən təxminən 2 milyon dollar ödəniş alınmasını və gəlirin Omanla bölüşdürülməsini nəzərdə tutur. Tehran bu vəsaiti ABŞ və İsrailin son zərbələri nəticəsində zədələnmiş infrastrukturu bərpa etmək üçün istifadə edəcək.

“Hər iki tərəf üçün iki həftəlik fasilə faydalıdır. Tramp İranı daş dövrünə qaytarmaq və İranı bir sivilizasiya kimi məhv etmək barədə şişirdilmiş ritorikasına baxmayaraq geri addım atıb. Tramp İranın 10 maddəlik planının əsasını qəbul edə bilməz, çünki bu, ABŞ üçün alçaldıcı məğlubiyyət olardı. İranın ABŞ qarşısında geri çəkilməməsi və atəşkəsi qəbul etdirməsi İran üçün uğurdur. Amma bütün mənzərə qeyri-müəyyəndir”, - deyə Hindistanın keçmiş xarici işlər katibi Kanval Sibal bildirib.

İslamabad danışıqları ərəfəsində və bir aydan artıq davam edən müharibədən sonra ABŞ, İsrail və İran hansı vəziyyətdədir? Tramp artıq bir neçə dəfə qələbə elan edib və bunu yenə edib səhnədən çəkilə bilər, çünki ABŞ ilə İsrail İranın müdafiə qüvvələrini xeyli zəiflədib. İndiyədək ABŞ ordusu İsraillə koordinasiyada İranda 13 min hədəfə zərbə endirib. ABŞ mətbuatında yer alan məlumatlara görə, daha 3 min hədəf siyahıda olub. İran hava məkanında ABŞ-yə məxsus F-15 təyyarəsinin vurulması dünyanın ən güclü ordusu ətrafındakı yenilməzlik mifini qısa müddətə sarsıtdı, lakin bundan cəmi iki gün sonra düşmən atəşi altında arxa cəbhədən amerikalı polkovnikin yüksək riskli xilasetmə əməliyyatı ilə çıxarılması bu təsiri aradan qaldırdı. Tramp İrandakı bu avantürasını tərəfdarlarına böyük qələbə kimi təqdim edə bilər.

Netanyahu isə, ehtimal ki, o qədər də razı qalmayıb, çünki İranın bütün mülki infrastrukturunu məhv etmək və rejim dəyişikliyinə nail olmaq ümidləri gerçəkləşməyib.

İrana gəldikdə isə, ali lider Əli Xameneyinin, yüksək təhlükəsizlik rəsmisi Əli Laricaninin və rejimin əksər aparıcı simalarının aradan götürülməsinə, hərbi imkanlarının isə böyük ölçüdə məhv edilməsinə baxmayaraq, Tehran qələbə iddiası irəli sürür. “Eurasia Group”un prezidenti Ian Bremmerin dediyi kimi, “İranın indi müharibədən əvvəlkindən daha çox geosiyasi təsiri var”, çünki o, Hörmüz boğazına nəzarət edir. İran danışıqlar masasına yenilənmiş özünəinamla gedəcək və nüvə seçimlərindən, eləcə də əlində qalan zənginləşdirilmiş urandan imtina etməyə o qədər də həvəsli olmaya bilər.

Realistlər qeyd edirlər ki, tərəflər arasında dərin etimadsızlıq var. İran iflicedici sanksiyalar rejimindən çıxmağa qətiyyətlidir, Vaşinqton isə İranın nüvə və raket imkanlarını məhdudlaşdırmaq istəyir.

Corc Meyson Universitetinin alimi və tədqiqatçısı Əli Məmmədov deyir: “Qısa atəşkəs özlüyündə strateji mənzərəni dəyişdirməyə yetməyəcək, amma daha uzun fasiləyə yol aça bilər... bu da dərin siyasi razılaşma yaratmadan uzadılmış atəşkəsə gətirib çıxara bilər”.

ABŞ-İsrailin İrandakı hərəkətləri artıq hərbi və mülki hədəflər arasındakı sərhədi aradan qaldırıb. Müharibənin ilk günü ABŞ Minabda məktəbə zərbə endirib, 175 uşaq və müəllimi öldürüb. İranın 1920-ci ildə əsası qoyulmuş və elmi-tədqiqat mərkəzinə malik əsas vaksin istehsal mərkəzi olan “Pasteur Institute” yerlə-yeksan edilib. Universitetlər, səhiyyə mərkəzləri və məktəblər dağıntılara çevrilib. Bütün bunlar aprelin 7-si üçün nəzərdə tutulan son tarixdən əvvəl baş verib. Qəzzada olduğu kimi, İran xalqı üçün təhlükəsiz yer qalmayıb və ABŞ ilə İsrail üçün toxunulmaz hədəf anlayışı olmayıb.

Paris Amerika Universitetindən Filip Qolub deyir: “Trampın “İranı daş dövrünə qaytarmaq”la bağlı hədəsi (2026-cı il aprelin 1-i) və “bütöv bir sivilizasiyanın öləcəyini və bir daha geri qayıtmayacağını” deməsi (2026-cı il aprelin 7-si) sadəcə “hərbi cinayət” deyil, “soyqırımı” törətmək niyyətinin ifadəsidir”. Qolub əlavə edir: “Məsələ ondadır ki, bu, şantaj məqsədli hədə kimi nəzərdə tutulmuş olsa belə, hüquqi baxımdan yenə də soyqırımı törətmək niyyətinin ifadəsi sayılır (Soyqırımı Konvensiyasına əsasən)”.

O, tarixə qayıdaraq qeyd edir: “...Tramp eramızdan əvvəl 146-cı ildə Üçüncü Pun müharibəsi zamanı Karfageni yerlə-yeksan etmiş Roma sərkərdəsi Skipion Emilianusun varisi kimi xatırlanacaq. Romalılar kimi o və Netanyahu da “viranəlik yaradır və buna sülh deyirlər”.

Tehran da cavab olaraq mülki infrastrukturu, neft emalı zavodlarını və Qətərin mayeləşdirilmiş qaz mərkəzini hədəfə alıb. ABŞ hərbi zabitlərinin qaldığı hotellərə də zərbələr endirilib.

ABŞ-İsrail ilə İran arasında müharibə klassik Davud və Qolyat vəziyyətidir və İran ağır zərbələri qəbul etməkdə böyük dözümlülük nümayiş etdirir. İranın bu dayanıqlığını nə izah edir? Adının açıqlanmasını istəməyən iranlı diplomat deyir: “Bəli, müharibənin qiyməti son dərəcə yüksəkdir. Lakin ləyaqət və qüruru seçən bir xalq istənilən bədəli ödəməyə hazırdır”. Bunun bir hissəsi şiə müsəlmanlar arasında haqlı məqsəd uğrunda şəhidliyi qəbul etmə düşüncəsində dərin kök salıb.

Peyğəmbər Məhəmmədin nəvəsi İmam Hüseyn ibn Əlinin Əməvi hökmdarı I Yezidin üstün qüvvələri tərəfindən öldürülməsi şiə müsəlmanlar üçün müqavimətin əsas prinsipi olaraq qalır. Onların dini haqlı səbəb uğrunda ölümü ucaldır və 680-ci ildə baş vermiş Kərbəla döyüşündən ilham alır.

“Əgər ölümdən qorxsaydıq, bu müharibəyə girməzdik və ən yaxşı adamlarımızı şəhid kimi təqdim etməzdik. Vətənimizi müdafiə edərkən ölüm bizim üçün şərəfdir... Biz azad doğulmuşuq və azad öləcəyik”, - deyə Əraqçi bu yaxınlarda dünyanın ən güclü ölkəsinə qarşı çıxmaq barədə soruşulanda bildirib.

Danışıqlara şans vermək üçün verilmiş iki həftəlik fasilə istənilən istiqamətə gedə bilər. Gözləntilər aşağıdır. “Bu, ilk növbədə İsrailin müharibəsidir. ABŞ bu müharibəyə əsasən Vaşinqtondakı güclü israilyönlü lobbinin təsiri ilə cəlb olunub”, - deyə əl-Qüds və Fələstin Parlamentarilər Liqasının baş katibi Məhəmməd Məkram Bəlavi bildirib. O əlavə edir: “Hətta indiki müharibə dayansa belə, bu, böyük ehtimalla daha uzunmüddətli ideoloji və strateji qarşıdurmanın yalnız müvəqqəti fasiləsi olacaq”.

Realistlər yenə də tərəflər arasında dərin etimadsızlığın qaldığını vurğulayırlar. İran onun təbii istedadını uzun müddət bağlayan iflicedici sanksiya rejimindən qurtulmaqda qərarlıdır, Vaşinqton isə İranın nüvə və raket imkanlarını birdəfəlik məhdudlaşdırmaq, mümkün olsa, Hörmüz boğazının İranın nəzarətindən kənarda qalmasını təmin etmək istəyir.

Danışıq iştirakçıları İslamabadda müzakirə apararkən dünya nəfəsini tutub gözləyir. Müharibəni dayandırmaq mümkün olmasa, bu, təkcə bölgəyə deyil, bütün qlobal iqtisadiyyata zərər vuracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin