Pakistan müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərib

2026/04/Ekran-1775918005.jpg
Oxunub: 374     18:25     11 Aprel 2026    
Pakistan iki ölkə arasında imzalanmış müdafiə sazişi çərçivəsində təhlükəsizliyi gücləndirmək üçün Səudiyyə Ərəbistanına qırıcı təyyarələr və digər hərbi qüvvələr göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, şənbə günü baş tutan bu yerləşdirmə İranın son həftələrdə körfəz ölkəsinə yönəlmiş və mühüm enerji infrastrukturunu hədəfə alan, bir Səudiyyə vətəndaşının ölümü ilə nəticələnən hücumlarından sonra reallaşıb.

Riyad və İslamabad 2025-ci ilin sentyabrında qarşılıqlı müdafiə sazişi imzalayıb və bu sənəd hər iki tərəfi onlardan birinə qarşı istənilən təcavüzü hər ikisinə qarşı hücum kimi qiymətləndirməyə öhdəlikləndirib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin açıqlamasında Pakistan qırıcıları və dəstək təyyarələrinin ölkənin şərq vilayətində yerləşən “Kral Əbdüləziz” aviabazasına çatdığı bildirilib.

Nazirlik qeyd edib ki, Pakistan kontingentinin yerləşdirilməsi birgə müdafiə əməkdaşlığını gücləndirmək, regional və beynəlxalq təhlükəsizliklə sabitliyi dəstəkləmək məqsədi daşıyır.

Pakistanın uzun illərdir krallığa hərbi dəstək, o cümlədən təlim və müşavirə qüvvələri təqdim etdiyi vurğulanıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanı da iqtisadi çətinlik dövrlərində Pakistanı dəfələrlə maliyyə baxımından dəstəkləyib.

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cadaan cümə günü Pakistana gedərək ölkəyə iqtisadi dəstək nümayiş etdirib.

Qeyd olunub ki, 2018-ci ildə Riyad Pakistan üçün 6 milyard dollarlıq dəstək paketi elan etmişdi.

Bu paketə mərkəzi banka 3 milyard dollar depozit və təxirə salınmış ödənişlə 3 milyard dollarlıq neft tədarükü daxil idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin