Ordu.az xəbər verir ki, FLASH proqramı ABŞ Hərbi Dəniz Qüvvələrinin şaquli buraxılış sistemi və “Virginia Payload Module” ilə uyğun səthdən buraxılan hipersəs zərbə silahını hədəfləyir, müqavilələrin isə 2027-ci il yanvarın 29-dək bağlanması planlaşdırılır.
Dəniz Tədqiqatları İdarəsi 2026-cı il aprelin 10-da rəsmi müraciət yayımlayaraq sənaye və dövlət tərəfdaşlarını hipersəs uçuş strukturlarının inkişafı proqramını dəstəkləyəcək texnologiyalar təqdim etməyə çağırıb. Bu proqram maliyyələşdirilən innovativ dəniz prototipi təşəbbüsü olub, səthdən buraxılan, taktiki baxımdan əhəmiyyətli hipersəs zərbə silahının hazırlanması və uçuş sınaqlarını nəzərdə tutur.
SAM.gov portalında yerləşdirilən elan Hərbi Dəniz Qüvvələrinin əvvəlki tətbiqi tədqiqatlardan əldə olunan texnoloji inkişaflara əsaslanaraq 2026-cı maliyyə ilində rəsmi innovativ prototip kimi seçdiyi proqram üzrə sənaye ilə aktiv əməkdaşlığa başladığını göstərir. Tam təkliflər 2026-cı il avqustun 17-dək təqdim edilməlidir və müqavilələrin 2027-ci il yanvarın 29-dək bağlanacağı gözlənilir.
FLASH proqramı (hipersəs uçuş strukturlarının inkişafı kimi izah olunur) dörd əsas texnoloji istiqamət üzrə sənaye təkliflərini qəbul edir: yüksək texnoloji hazırlıq səviyyəsinə malik uçuşa hazır idarəetmə, naviqasiya və nəzarət sistemləri və komponentləri, yüksək temperatur davamlı konstruksiyalar və istilikdən qorunma sistemləri, ölçülərin yoxlanılması və uçuş sınaqları imkanları, çoxsahəli layihələndirmə, analiz və optimallaşdırma metodları. Müraciət uzunmüddətli maliyyələşdirmə proqramı çərçivəsində geniş elan formatında hazırlanıb və dörd istiqamətin hamısı üzrə bir neçə müqavilənin bağlanması nəzərdə tutulur. Bu proqram üçün qrantlar nəzərdə tutulmur.
Proqramın əsas xüsusiyyətlərindən biri mövcud buraxılış infrastrukturu ilə uyğunluqdur. FLASH xüsusilə Hərbi Dəniz Qüvvələrinin şaquli buraxılış sistemi və “Virginia Payload Module” ilə uyğunluq baxımından qiymətləndiriləcək. Bu sistemlər donanmanın döyüş gəmilərində istifadə olunan standart raket buraxılış qurğusu və “Virginia” sinifli sualtı qayıqlara inteqrasiya edilən yeni böyük həcmli bölmədir. Bu uyğunluq tələbi bütün layihələndirmə prosesinə təsir edir və mühəndislərdən diametr, uzunluq, kütlə və texniki interfeys tələblərini yerinə yetirməklə yanaşı, hipersəs sürətlərdə aerodinamik göstəriciləri optimallaşdırmağı tələb edir.
FLASH proqramını digər hipersəs layihələrdən fərqləndirən əsas cəhət materiallar və maya dəyəri ilə bağlı yanaşmasıdır. Əvvəlki layihələrdə istifadə olunan bahalı və xüsusi hazırlanmış materiallardan fərqli olaraq, FLASH proqramı daha əlçatan və nisbətən ucuz ənənəvi materiallardan istifadə etməklə yüksək performansa nail olmağı hədəfləyir. Proqram sənədlərində qeyd olunur ki, əsas məqsəd qabaqcıl aerodinamika və idarəetmə üsulları vasitəsilə aşağı maliyyətli, taktiki baxımdan effektiv hipersəs imkanlarını nümayiş etdirməkdir. Bu yanaşma gələcəkdə bu texnologiyanın daha əlçatan və kütləvi istehsal üçün uyğun olmasını təmin etməyə yönəlib.
Sevinc Əliyeva
Ordu.az