“Tasnim” agentliyi İran nümayəndə heyətinin üzvlərindən birinə istinadən bildirib ki, İslamabaddakı “danışıqlar bir gün davam edəcək”. Qərb mətbuatına məlum olub ki, danışıqlar həm vasitəçilər vasitəsilə, həm də birbaşa formatda aparılacaq. Parlament sədri Qalibaf bildirib ki, “İran nikbin mövqedədir, lakin ABŞ-yə etibar yoxdur”.
ABŞ Prezidenti Donald Trampın bəyanatları isə daha ziddiyyətlidir. O, İranın təqdim etdiyi on təklifi “danışıqların əsası” kimi qiymətləndirsə də, İslamabad görüşü ərəfəsində yenidən hədələyərək bildirib ki, Hörmüz boğazı güc yolu ilə açılacaq. Tramp ABŞ-nin hərbi gəmilərinin ən müasir silahlarla təchiz ediləcəyini də açıqlayıb. ABŞ Prezidenti sosial şəbəkə hesabında İran nümayəndə heyətini açıq şəkildə ələ salaraq yazıb ki, “onların yeganə şansı danışıqlardır”. Bu ifadə, böyük ehtimalla, İran nümayəndə heyətinin üzvlərinin sağ qalmasının ABŞ Prezidentinin qərarı ilə bağlı olduğuna eyham vurur.
Belə şəraitdə, əgər qeyri-ictimai razılaşmalar yoxdursa, İslamabad danışıqlarından ciddi nəticə gözləmək çətindir. Bir sıra Qərb mənbələri belə ehtimalı istisna etmir.
Asif Cəfərov
Ordu.az