Ordu.az xəbər verir ki, bu barədə “Channel 13” məlumat yayıb.
Qərar son şübhəlilərin minlərlə dollar müqabilində yüksək vəzifəli israilli şəxsə zərər vurmaq planı hazırladıqları iddialarından sonra qəbul edilib.
Məlumata görə, yeni bölmə daxili təhlükəsizlik xidməti olan “Şin Bet” ilə koordinasiya şəraitində yaradılır. Polis hesab edir ki, bu cür halların qarşısı tam alınmayacaq və əksər hallarda bu cinayətləri törədən şəxslər ideoloji deyil, maliyyə motivləri ilə İran agentləri ilə əlaqə qururlar.
Yeni bölmə polisin ağır cinayətlər üzrə “Lahav 433” idarəsinin tərkibində fəaliyyət göstərəcək və həm istintaq aparacaq, həm də şübhəlilərin müəyyən edilərək saxlanılması ilə məşğul olacaq. Bildirilir ki, indiyədək bu cür araşdırmalar “Şin Bet”dən daxil olan məlumatlar əsasında müxtəlif polis bölmələri tərəfindən həyata keçirilirdi.
“Channel 13”ün məlumatına görə, son iki il ərzində polis ümumilikdə ictimaiyyətə açıqlanan təxminən 38 iş üzrə İran üçün casusluqda şübhəli bilinən 50-dən çox şəxsi həbs edib.
Cümə axşamı günü iş üzrə məxfilik qərarı aradan qaldırıldıqdan sonra polis İran agentinin tapşırığı ilə partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən dörd nəfərə qarşı ittihamların irəli sürüləcəyini açıqlayıb. Bildirilir ki, plan “yüksək vəzifəli şəxsə zərər vurmaq” məqsədi daşıyıb və geniş yayılan məlumatlara görə, həmin şəxs keçmiş baş nazir Naftali Bennet olub.
ABŞ-İsrail ilə İran arasında müharibə fonunda üzə çıxarılan bu plan nadir hallardan biri hesab olunur. Belə ki, İran agenti onlayn şəkildə cəlb etdiyi israilliləri yalnız casusluq və ya vandalizm deyil, birbaşa zorakılıq planlaşdırmağa da razı sala bilib.
Qeyd edilir ki, cəlb olunan şəxslərin əksəriyyəti israilli ictimai xadimlərə qarşı sui-qəsd təkliflərini qəbul etməsə də, bəzi istisnalar olub. Belə ki, Tiberias şəhərindən olan iki yəhudi gənc İranda təlim keçmək üçün yola düşməyə hazırlaşarkən saxlanılıb, Şərqi Qüdsün ərəb məhəlləsi olan Beyt Safafadan olan yeddi gəncin isə tanınmış alim və böyük şəhərlərdən birinin meri barədə sui-qəsd planlaşdırdığı iddia edilir.
İran agentlərinin sayının artması İsraili hətta Hayfadakı Damon həbsxanasında bu cür casusluq ittihamı ilə mühakimə olunan şəxslər üçün yeni bölmə açmağa vadar edib. Bildirilir ki, bu günə qədər şübhəli şəxslərdən yalnız biri məhkum edilib, digər işlərin əksəriyyəti isə hələ də məhkəmə prosesindədir.
Sevinc Əliyeva
Ordu.az