Müctəba Xameneyi ağır və deformasiyaya uğradan xəsarətlər alıb

2026/04/1775899297.jpg
Oxunub: 385     13:20     11 Aprel 2026    
İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi atasını öldürən hava zərbəsi zamanı aldığı ağır üz və ayaq xəsarətlərindən sonra bərpa olunur.

Ordu.az xəbər verir ki, bu barədə onun yaxın çevrəsinə bələd olan şəxslər “Reuters” agentliyinə bildiriblər.

Məlumata görə, zərbə ABŞ və İsrailin başladığı müharibənin ilk günü, fevralın 28-də Tehranın mərkəzində yerləşən Ali Rəhbərin kompleksinə endirilib. Müctəba Xameneyinin üzü deformasiyaya uğrayıb və onun bir və ya hər iki ayağı ciddi şəkildə zədələnib. Mənbələrin sözlərinə görə, həmin hücumda onun həyat yoldaşı, baldızı və digər ailə üzvləri də həlak olub.

Xəsarətlərə baxmayaraq, onun zehni cəhətdən ayıq olduğu və idarəetmədə fəal iştirak etdiyi bildirilir. İki mənbə qeyd edib ki, o, yüksək vəzifəli şəxslərlə audio konfrans vasitəsilə iclaslarda iştirak edir və müharibə, eləcə də Vaşinqtonla danışıqlar da daxil olmaqla əsas məsələlər üzrə qərarların qəbulunda iştirakını davam etdirir.

Onun vəziyyəti İran üçün həssas bir məqama təsadüf edib, çünki bu gün İslamabadda ABŞ ilə yüksək səviyyəli sülh danışıqları başlanıb və regionda gərginlik artıb.

İran tərəfindən onun xəsarətlərinin miqyası barədə rəsmi açıqlama verilməyib. Hava zərbəsindən və martın 8-də Ali Rəhbər təyin olunmasından sonra Müctəba Xameneyinin heç bir foto, video və ya səs yazısı yayımlanmayıb ki, bu da onun vəziyyəti və rolu ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb.

“Reuters”ə görə, İranın BMT-dəki nümayəndəliyi onun sağlamlığı və ictimaiyyət qarşısında görünməməsi ilə bağlı suallara cavab verməyib.

Mənbələrdən biri ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən bildirib ki, Xameneyinin bir ayağını itirdiyi ehtimal olunur. ABŞ müharibə naziri Pit Heqset martın 13-də onun “yaralandığını və ehtimal ki, deformasiyaya uğradığını” demişdi.

İranın dövlət mediası isə yalnız məhdud məlumat verib. Televiziya aparıcısı onu daha əvvəl “canbaz” kimi təsvir edib, bu termin müharibədə ağır yaralananlar üçün istifadə olunur. Yüksək vəzifəli iranlı rəsmilərdən biri bildirib ki, yeni liderin şəkilləri bir-iki ay ərzində yayımlana bilər və sağlamlıq və təhlükəsizlik şərtləri imkan verərsə, ictimai çıxış da mümkündür.

İranın siyasi sistemində ali hakimiyyət Ali Rəhbərin əlində cəmləşir. O, seçilmiş prezidenti nəzarətdə saxlayır və İnqilab Keşikçiləri kimi əsas paralel qurumlara rəhbərlik edir.

Analitiklər “Reuters”ə bildiriblər ki, Müctəba Xameneyinin hakimiyyəti hələ formalaşma mərhələsindədir. Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatankanın sözlərinə görə, o, davamlılığı təmsil etsə də, atasının onilliklər ərzində qurduğu tam nəzarəti dərhal əldə edə bilməyəcək.

“Müctəba bir səs olacaq, lakin həlledici səs olmayacaq. O, özünü etibarlı, güclü və üstün səs kimi sübut etməlidir”, - deyə Vatanka bildirib.

O əlavə edib ki, müharibə dövründə İnqilab Keşikçiləri strateji qərarların qəbulunda dominant qüvvəyə çevrilib və yeni rəhbərlik möhkəmləndikcə daxili güc balansını formalaşdırır.

Müctəba Xameneyinin Ali Rəhbər kimi ilk çıxışı martın 12-də dövlət televiziyasında oxunan yazılı bəyanat olub. O, bu bəyanatda Hörmüz boğazının bağlı saxlanmasını tələb edib və region ölkələrini ABŞ bazalarını bağlamağa çağırıb. Martın 20-də isə o, Fars Yeni ilini “müqavimət ili” adlandırıb.

Bundan sonra müharibə, diplomatiya, atəşkəs danışıqları və daxili iğtişaşlarla bağlı əsas mövqelər əsasən digər yüksək vəzifəli şəxslər tərəfindən açıqlanıb.

Onun uzun müddət görünməməsi İran daxilində müxtəlif fərziyyələrin yaranmasına səbəb olub. Sosial şəbəkələrdə və mesajlaşma qruplarında onun vəziyyəti və real güc mərkəzləri barədə müxtəlif nəzəriyyələr yayılıb. Geniş yayılan memlərdən birində boş stul təsvir olunub və üzərində “Müctəba haradadır?” yazılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müctəba-Xameneyi   İran  


Bizi "telegram"da izləyin