Britaniya Kral Donanması Yaxın Şərqə hərbi gəmi göndərdi: O, yaxşı vəziyyətdə deyil

2026/04/Ekran-1775897942.jpg
Oxunub: 502     15:40     11 Aprel 2026    
HMS “Dragon” Şərqi Aralıq dənizinə cəmi bir neçə gün əvvəlcədən xəbərdarlıqla göndərilib, halbuki adətən bu cür hazırlıq həftələr çəkir. Nəticələr isə həm gözlənilən, həm də məyusedici olub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Kral Donanmasının Type 45 “Daring” sinfinə məxsus idarə olunan raketli esminesi HMS “Dragon” (D35) Yaxın Şərqdə davam edən “Epic Fury” əməliyyatına cavab olaraq Britaniya hərbi qüvvələrinin təqdim edə biləcəyi ən yaxşı variant idi.

Bu həftə isə məlum oldu ki, bu “ən yaxşı” kifayət qədər yaxşı deyil.

“HMS “Dragon” Şərqi Aralıq dənizində planlı logistika dayanacağı və qısa texniki xidmət dövrü keçirir, bu da gəminin ehtiyatları doldurmasına, sistemləri optimallaşdırmasına və texniki xidmət aparmasına imkan verir”, - deyə Böyük Britaniyanın Müdafiə Nazirliyi bu həftə açıqlayıb.

“HMS “Dragon” bu müddət ərzində yüksək hazırlıq səviyyəsində qalacaq və lazım gəldikdə qısa müddətdə hərəkətə keçə biləcək”, - deyə Nazirlik əlavə edib. Nazirlik, görünür, bununla Britaniya donanmasının imkanlarına inam nümayiş etdirməyə çalışıb: “Böyük Britaniya Şərqi Aralıq dənizində müttəfiqlərlə koordinasiyada güclü və çoxsəviyyəli müdafiə mövcudluğunu davam etdirir”.

“Dragon”un tələsik göndərilməsi onun hazırlıq səviyyəsinə kömək etmədi

“Type 45” idarə olunan raketli esminesi martın 10-da Aralıq dənizinə göndərilmişdi. Məqsəd ABŞ-nin “Epic Fury” əməliyyatının başlanmasından sonra İran pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan Kiprdəki Kral Hərbi Hava Qüvvələrinin Akrotiri bazasının təhlükəsizliyini gücləndirmək idi.

Bununla yanaşı, bu vəziyyət Kral Donanmasının məhdud imkanlarını da bir daha göstərib. Donanmanın ənənəvi enerji ilə işləyən iki aviadaşıyıcısından heç biri bölgəyə göndərilə bilməyib və nəticədə HMS “Dragon” yeganə variant olub. Lakin onun göndərilməsi də ciddi çətinliklərlə başa gəlib.

Esmines tələsik dənizə çıxarılıb və ekipaj bir neçə həftə çəkəcək hazırlıq işlərini cəmi altı günə tamamlayıb. Bu isə Kral Donanmasının zərurət yarandıqda sürətli reaksiya verə bilməsini göstərmək əvəzinə, əksinə, onun yeganə və ən yaxşı variantının belə kifayət etmədiyini ortaya qoyub. Gəmi bu həftənin əvvəlində su sistemlərində yaranan texniki problemlər səbəbindən limana qayıtmağa məcbur olub.

“Tələsik” hazırlıq işlərinin lazım olan səviyyədə aparılmaması ilə bağlı ehtimallar da var və HMS “Dragon”un missiyaya daha yaxşı hazırlaşmaq üçün əlavə zamana ehtiyacı ola bilərdi.

“Onların müəyyən qüsurları var, bu normaldır. Bütün gəmilərdə olur. Bu işin bir hissəsidir”, - ehtiyatda olan kommodor Stiv Prest BFBS-in “Sitrep” podkastına bildirib.

“Əməliyyat komandirləri üçün əsas narahatlıq həmin risklərin ümumi miqyasının nə qədər olmasıdır”, - deyə Prest əlavə edib.

O, həmçinin qeyd edib: “Məncə, HMS “Dragon”un vəziyyətində, onun çox qısa müddətdə dockdan çıxarılıb sürətlə əməliyyatlara hazır vəziyyətə gətirilməsi - buna görə gəminin komandiri və ekipajı tərifə layiqdir - müəyyən risklərin qəbul olunması ilə müşayiət olunub”.

“Type 45” esminesinin texniki xüsusiyyətləri

İstismara qəbul ili: 2009
İstehsal olunan say: 6
Subasımı qbailiyyəti: 7 500 ton
Uzunluq: 152,4 m
En: 21,2 m
Hərəkət sistemi: iki ədəd “Rolls-Royce” WR-21 qaz turbin mühərriki
Sürət: 32 düyün
Mənzil: 7 000 dəniz mili


Silahlanma:

“Sea Viper” əsas zenit-raket sistemi (PAAMS):
48 borulu “Sylver A50” şaquli buraxılış sistemi, aşağıdakılar üçün nəzərdə tutulub:
“Aster 15” qısa mənzilli raketlər
“Aster 30” orta mənzilli raketlər

İki ədəd “Mk.141” dörd borulu raket qurğusu, 8 ədəd RGM-84 “Harpoon” gəmi əleyhinə raket üçün
Bir ədəd BAE “Mark 8 Mod.1” topu
İki ədəd DS30B “Mk 1” 30 mm-lik pulemyot
İki ədəd M134 altı lüləli pulemyot
İki ədəd “Mk 15 Phalanx” yaxın müdafiə sistemi


Ekipaj: 191 nəfər, maksimum 285 nəfər yerləşdirmə imkanı

HMS “Dragon” Kral Donanmasının altı ədəd “Daring” sinfinə məxsus “Type 45” idarə olunan raketli esmineslərindən biridir və donanmanın ən güclü gəmilərindən hesab olunur.

“Type 45” esmineslərinin əsas imkanları hava hücumundan müdafiə sistemləri üzərində qurulub. Xüsusilə “Sea Viper” sistemi eyni vaxtda bir neçə hava hədəfini, o cümlədən səsdən sürətli raketləri izləyə və məhv edə bilir. Bu sistem eyni anda bir neçə hədəfi vurmaq və 10 saniyədən az müddətdə səkkiz raket buraxmaq imkanına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Yaxın-Şərq   Type-45  


Bizi "telegram"da izləyin