ABŞ Polşanın FA-50PL qırıcılarında AIM-120 raketlərinin inteqrasiyasını təsdiqləyib

2026/04/Ekran-1775895624.jpg
Oxunub: 479     12:25     11 Aprel 2026    
ABŞ hökuməti Polşanın FA-50PL yüngül qırıcı təyyarələrində AIM-120C AMRAAM “hava-hava” raketlərinin inteqrasiyasına icazə verib.

Ordu.az xəbər verir ki, bu barədə Zbiam nəşri Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İreneuş Novak ilə müsahibəyə istinadən məlumat yayıb.

Generalın sözlərinə görə, ABŞ Polşanın daha əvvəl F-16C/D parkı üçün aldığı AIM-120C-5/7/8 variantlarının istifadəsinə icazə verib.

Hərbçinin sözlərinə görə, inteqrasiyanın ABŞ hökuməti vasitəsilə satınalmanı nəzərdə tutan “Foreign Military Sales” proqramı çərçivəsində, yoxsa birbaşa kommersiya satışları vasitəsilə həyata keçiriləcəyi barədə müzakirələr davam edir.

Yeni raketlərin Polşanın yüngül qırıcılarına inteqrasiyası istiqamətində siyasi təsdiq yalnız ilk addım olsa da, bu, perspektivli təyyarələrin “uzun mənzilli” imkanlardan məhrum qala biləcəyi ilə bağlı narahatlıqları böyük ölçüdə aradan qaldırır. Bundan əvvəl təyyarədə yalnız qısa mənzilli AIM-9X raketləri yerləşdirilə bilirdi.

General Novak bildirib ki, Polşa həmçinin bu təyyarələrə yüksək dəqiqlikli “hava-yer” silahlarının. MBDA şirkətinin “Brimstone” tank əleyhinə raketlərinin, eləcə də Polşada lokallaşdırılması planlaşdırılan Anduril şirkətinin “Barracuda 500” yüngül qanadlı raketlərinin inteqrasiyasını da nəzərdən keçirir.

General Novakın dediyinə görə, yenilənmiş qrafikə əsasən, hazırda Koreya Respublikasında sınaqlar aparılır, xüsusilə Koreya Respublikası Hərbi Hava Qüvvələrinin “Airbus” A330MRTT təyyarəsindən istifadə edilməklə havada yanacaq doldurma üzrə bir sıra təlimlər keçirilib.

2026-cı ilin əvvəlində bildirilib ki, Polşa Silahlanma Agentliyi və “Korea Aerospace Industries” şirkəti FA-50PL təyyarələrinin təhvil qrafikini rəsmi şəkildə yenidən nəzərdən keçirərək, təhvilin başlanmasını 2027-ci ilin ortalarınadək təxirə salıblar.

İlkin planlara əsasən, təyyarələrin 2025-2028-ci illər arasında təhvil verilməsi nəzərdə tutulurdu. Yenilənmiş qrafikə görə, ilk FA-50PL 2027-ci ilin ortalarında gözlənilir, bütün 36 təyyarənin təhvili isə 2029-cu ilin əvvəlində başa çatmalıdır.

Gecikmənin səbəbi təchizat zəncirindəki problemlər, qabaqcıl avionikanın və Amerika silahlarının inteqrasiyası, eləcə də “geosiyasi vəziyyət” daxil olmaqla bir sıra amillərlə izah olunur.

FA-50PL Polşanın tələbləri nəzərə alınmaqla mövcud FA-50GF ilə müqayisədə xeyli daha güclü platforma kimi hazırlanır. Əsas yeniliklərə “Raytheon” şirkətinin yeni “PhantomStrike” aktiv fazalı radar sistemi, havada yanacaq doldurma sistemi, AN/AAQ-33 Sniper qabaqcıl hədəfləmə konteyneri, kaska quraşdırılan displey, artırılmış xarici yanacaq tutumu, həmçinin AIM-9X Sidewinder və AIM-120C AMRAAM “hava-hava” raketlərindən istifadə imkanı daxildir.

FA-50PL təyyarələrinin təhvilində gecikmə ilə yanaşı, ilkin planlara 12 ədəd FA-50GF təyyarəsinin FA-50GL konfiqurasiyasına yüksəldilməsi də daxil idi.

Lakin 2025-ci ilin sonuna doğru məlum olub ki, bu yeniləmə “iqtisadi baxımdan məqsədəuyğun deyil” hesab olunub və həmin təyyarələr əsasən pilot hazırlığı üçün istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin