Ordu.az xəbər verir ki, Müdafiə İnvestisiyaları Dövlət Mərkəzi (RKIK) və ABŞ-nin müdafiə nəhəngi “Lockheed Martin” bu yaxınlarda müqavilə imzalayıb.
Müqavilə əlavə sursatları və Estoniyanın yerli müdafiə sənayesinə 11 milyon dollar investisiyanı da əhatə edir.
“Mə əlavə HIMARS sistemləri Estoniya Müdafiə Qüvvələri və NATO üçün tələb olunan dərin zərbə imkanını təmin edəcək, həm milli müdafiə qabiliyyətimizi, həm də çəkindirməni əhəmiyyətli dərəcədə gücləndirəcək. “Lockheed Martin” ilə əməkdaşlığın genişləndirilməsi Estoniyanın müdafiə sənayesinin inkişafını da birbaşa dəstəkləyəcək”, - deyə müdafiə naziri Hanno Pevkur bildirib.
“Bu, NATO müdafiə planlarının həyata keçirilməsini dəstəkləyən məqsədyönlü və uzunmüddətli səydir. Eyni zamanda “Lockheed Martin”in Estoniyaya birbaşa investisiyası da vacibdir, çünki belə investisiyalar ölkəni daha təhlükəsiz edir”, - deyə Pevkur əlavə edib.
“Lockheed Martin” ilə imzalanmış müqavilə yerli müdafiə sənayesinin cəlb olunmasına da imkan yaradacaq. “Raket sistemləri və sursatlarla yanaşı, yeni müqavilə Estoniyanın müdafiə sənayesinə investisiyanı nəzərdə tutur və bu, yerli şirkətlər tərəfindən təmin olunacaq HIMARS komponentlərinin texniki xidmət imkanlarının yaradılmasına gətirib çıxaracaq”, - deyə RKIK-də döyüş platformaları üzrə kateqoriya meneceri Yanari Kasemets bildirib.
“Estoniyaya yönəldilən 11 milyon dollarlıq investisiya “Lockheed Martin”in təşəbbüsü ilə Latviya, Litva, Polşa və Finlandiya kimi qonşu ölkələrdəki investisiyalarla birlikdə həyata keçiriləcək ki, regional səviyyədə geniş təcrübə formalaşdırılsın və tələb olunan xidmətlərin yerli səviyyədə təminatı mümkün olsun”, - deyə Kasemets əlavə edib.
Üç yeni HIMARS buraxılış qurğusunun 2027-ci ildə Estoniyaya çatdırılması planlaşdırılır. Onlar artıq ölkəyə gətirilmiş altı sistemə qoşulacaq və Estoniya artilleriya heyəti bu sistemdən ilk dəfə 2025-ci ilin iyulunda istifadə edib.
Sevinc Əliyeva
Ordu.az