Ordu.az xəbər verir ki, FS “Amiral Cabanier” (D664) adını daşıyacaq 4.500 tonluq çoxməqsədli döyüş gəmisi böyük fiziki modernləşdirmə tələb etmədən davamlı şəkildə yenilənə bilən rəqəmsal arxitekturası və inteqrasiya olunmuş kibermühafizə infrastrukturu ilə diqqət çəkir.
Təchizat Fransanın müdafiə xərclərini mərhələli şəkildə tənzimləyən Hərbi Proqramlaşdırma Qanunu (LPM) çərçivəsində həyata keçirilib. Beşinci gəmi sifarişi 2025-ci ilin dekabrında verilən dördüncü FDI sifarişindən sonra 2026-cı ilin martında dəqiqləşib.
“Naval Group” İdarə Heyətinin sədri və baş icraçı direktoru Pierr Erik Pommellet mövzu ilə bağlı açıqlamasında deyib: “LPM çərçivəsində Fransa üçün planlaşdırılan dördüncü və beşinci FDI sifarişləri ilə Müdafiə Nazirliyi müdafiə və müdaxilə freqatları seriyasını tamamlamaq məsələsində bizə olan etimadını yeniləmişdir”.
Fransa donanmasının modernləşdirilməsinin əsas ünsürlərindən biri
Fransa Hərbi Dəniz Qüvvələri üçün inşa edilən FDI sinfinə məxsus freqatlar “Naval Group”un “Lorient” gəmiqayırma zavodunda istehsal olunur. Eyni gəmiqayırma zavodunda proqramın ilk ixrac müştərisi olan Yunanıstan üçün də dörd FDI gəmisinin inşası davam edir.
2017-ci ildə başladılan FDI proqramı Fransanın dəniz qüvvələrinin modernləşdirilməsinin əsas sütunlarından biri kimi qiymətləndirilir.
Sinfin ilk gəmisi “Amiral Ronarc’h” 2022-ci ildə suya endirildikdən və 2024-cü ildə dəniz sınaqlarına başladıqdan sonra 2025-ci ilin oktyabrında Fransa Hərbi Dəniz Qüvvələrinə təhvil verilmişdi.
Çoxməqsədli döyüş üçün hazırlanıb
Hər bir FDI freqatı 122 metr uzunluğa və 18 metr enə malikdir. Gəmilər 125 nəfərlik şəxsi heyət daşıya bilir və orta sinfinə məxsus helikopterlərə, eləcə də pilotsuz uçuş aparatlarına ev sahibliyi edə bilir.
Bütün döyüş növləri üçün hazırlanan platformalar
“Exocet MM40 Block 3C” gəmi əleyhinə raketləri
“Aster” hava hücumundan müdafiə raketləri
MU90 sualtı müdafiə torpedoları
Uzaqdan idarə olunan 20 mm-lik silah sistemləri
Suüstü hədəflərə qarşı 76 mm-lik əsas top ilə təchiz olunur.
FDI sinfinə məxsus freqatlar maksimal 27 düyün sürətə çata bilir və 45 gün fasiləsiz dənizdə qalma qabiliyyəti təqdim edir. Bu göstərici klassik freqatlarda müşahidə olunan təxminən 30 günlük avtonomiya müddətindən xeyli yüksəkdir.
Sevinc Əliyeva
Ordu.az