İranlılar elektrik stansiyalarında insan zəncirləri yaradır

2026/04/1775590447.jpg
Oxunub: 503     23:33     07 Aprel 2026    
Dövlət mediasının yaydığı görüntülərə görə, ABŞ prezidenti Donald Trampın enerji infrastrukturuna zərbə endirmək hədələrindən sonra çərşənbə axşamı iranlılar elektrik stansiyalarını qorumaq üçün insan zəncirləri yaradıb, yüksək vəzifəli şəxslər isə həyatlarını qurban verməyə hazır olduqlarını bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ölkə üzrə insan zəncirlərinə qoşulmaq üçün onlayn kampaniya və SMS mesajları vasitəsilə çağırışdan sonra rəsmilər 14 milyondan çox insanın qoşulduğunu iddia ediblər.

Bu rəqəmin doğruluğunu və faktiki olaraq neçə nəfərin iştirak etdiyini dərhal yoxlamaq mümkün olmayıb, lakin ilkin görüntülər hər bir məkanda onlarla insanın iştirak etdiyini göstərir.

Dövlətə məxsus IRNA xəbər agentliyi ölkənin cənubundakı Buşehr şəhərində insanların “elektrik stansiyalarını dəstəkləmək üçün” insan zənciri yaratdığını nümayiş etdirib. Bu şəhərdə İranın nüvə elektrik stansiyası yerləşir.

Dövlət televiziyası və Mehr xəbər agentliyi isə şimaldakı Təbriz şəhərindəki əsas elektrik stansiyası qarşısında, eləcə də şimal-şərqdəki Məşhəd şəhərində yerləşən stansiyada onlarla insanın toplandığını göstərib.

ABŞ və İsrail zərbələrinin körpüləri də hədəfə aldığı şəraitdə, “Mehr” agentliyinin məlumatına görə, ölkənin qərbində yerləşən Əhvaz şəhərində də çay üzərindəki əsas körpüdə insanlar toplaşıb.

İran İslam Respublikası ilə ABŞ və İsrail arasında beş həftədən artıq davam edən müharibə artıq İran rəhbərliyinin yüksək eşelonunda bir sıra şəxslərin öldürülməsi ilə nəticələnib, lakin enerji obyektlərinə zərbələr ciddi eskalasiya demək olardı.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf (ali rəhbər Əli Xameneyinin müharibənin əvvəlində öldürülməsindən sonra ölkənin faktiki bir nömrəli şəxsi hesab olunur) insan zəncirlərinə qeydiyyat sisteminin görüntüsünü paylaşıb.

Özünün də qeydiyyatdan keçdiyini bildirən Qalibaf əlavə edib: “Məhəmməd Baqer Qalibaf İran üçün həyatını qurban verməyə hazırdır”.

Fars dilində “özünü fəda etmək” mənasını verən “canfada” sözü sosial şəbəkələrdə trend həştəqə çevrilib.

“Bu günə qədər 14 milyondan çox qürurlu iranlı İranı müdafiə etmək üçün həyatını qurban verməyə hazır olduğunu qeydiyyatdan keçirib. Mən də İran üçün həyatımı verməyə hazır olmuşam, hazıram və hazır olacağam”, - deyə Prezident Məsud Pezeşkian “X” sosial şəbəkəsində yazıb.

ABŞ prezidenti Donald Tramp daha əvvəl İran Hörmüz boğazını açmaqla bağlı gecəyarısı verdiyi ultimatumuna əməl etməyəcəyi təqdirdə “bütün bir sivilizasiyanın məhv olacağı” barədə xəbərdarlıq etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Elektrik-stansiyası  


Bizi "telegram"da izləyin