İnsan zəncirləri, döyüşçü kimi uşaqlar, 14 milyon könüllü: İran ABŞ-yə qarşı necə döyüşməyi planlaşdırır?

2026/04/1775589629.jpg
Oxunub: 717     23:18     07 Aprel 2026    
Donald Trampın Hörmüz boğazı ilə bağlı verdiyi möhlətin başa çatmasına cəmi 17 saat qalmış İran ABŞ ilə potensial olaraq uzun və amansız qarşıdurmaya hazırlaşır. ABŞ və İsrailin son zərbələri nəticəsində bir neçə yüksək vəzifəli şəxsi itirməsinə baxmayaraq, Tehran geri çəkilməkdən imtina edib və bu da münaqişənin quru işğalına çevrilə biləcəyi qorxularını artırıb. Buna cavab olaraq ölkə görünməmiş miqyasda səfərbərlik aparır. Milyonlarla insan döyüş üçün könüllü olur, uşaqlara hərbi sıralara qoşulmağa icazə verilir və hakimiyyət hətta son müdafiə xətti kimi insan zəncirlərini də nəzərdən keçirir.

İran dövlət televiziyası çərşənbə axşamı bildirib ki, ABŞ və İsrail tərəfindən quru işğalı olacağı təqdirdə, ölkə uğrunda döyüşmək üçün 14 milyona qədər insan könüllü yazılıb. Bu rəqəm cəmi 5 gün ərzində iki dəfə artıb. Belə ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf aprelin 2-də 7 milyon nəfərin könüllü olduğunu demişdi.

İranda təxminən 90 milyon insan yaşayır. Dövlət mediası və mətn mesajı kampaniyaları insanları könüllü olmağa çağırıb. Hökumət həmçinin istefada olan əsgərlərə döyüşmək istəklərini bildirməyi çağırıb.

İran uşaqlardan müharibədə istifadə edir?

“İnqilab Keşikçiləri”nin bütünlüklə könüllülərdən ibarət “Bəsic” qüvvəsi sıralarına 12 yaşından kiçik olmayan uşaqları qəbul etməyə başlayıb. “Amnesty International” xəbərdarlıq edib ki, onların bəziləri hətta odlu silah da daşıyır və bu cür cəlbetməni hərbi cinayət adlandırıb.

Tehranda “Keşikçilər”in mədəniyyət üzrə rəsmisi Rəhim Nədəli bildirib ki, “İran üçün” adlı təşəbbüs iştirakçıları patrul, nəzarət-buraxılış məntəqələri və logistika kimi fəaliyyətlərə kömək etmək üçün cəlb edir. Bu addım İranın “Uşaq Hüquqları Konvensiyası” üzrə öhdəliklərinə baxmayaraq atılır. Həmin konvensiya uşaqların hərbi fəaliyyətlərdə istifadəsini qadağan edir.

O deyib: “İrəli çıxanların yaşının aşağı düşdüyünü və onların iştirak etmək istədiklərini nəzərə alaraq, minimum yaşı 12-yə endirdik”. O əlavə edib ki, artıq 12 və 13 yaşlı uşaqlar da istəsələr iştirak edə bilərlər.

İranın yüksək rütbəli hərbi komandirlərindən biri valideynləri uşaqlarını təhlükəsizlik nəzarət-buraxılış məntəqələrində xidmət etməyə göndərməyə çağırıb. Bu, davam edən İran müharibəsində azyaşlıların ön xətt rollarında istifadə edilməsinin son nümunəsidir.

İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”na bağlı “Bəsic” könüllü milisi ilə əlaqələndirilən general Hüseyn Yekta bu fikirləri dövlət televiziyasında səsləndirib. Bu barədə “Associated Press” məlumat verib.

O deyib: “Analar, atalar, uşaqlarınızın əlindən tutun və küçələrə çıxın. Uşağınızın əsl kişi olmasını istəyirsiniz? Qoy döyüş meydanının lap mərkəzində dayanaraq özünü qəhrəman kimi hiss etsin. Analar, atalar, gecələr uşaqlarınızı nəzarət-buraxılış məntəqələrində xidmətə göndərin. Onlar kişi olurlar!”.

“Bəsic”in nəzarət-buraxılış məntəqələri dəfələrlə hava zərbələrinin hədəfi olub.

Hücumların qarşısını almaq üçün insan zəncirləri?

İran rejimi dinc sakinləri, o cümlədən gəncləri, sənətçiləri və idmançıları aprelin 7-də ölkə üzrə elektrik stansiyalarında insan zəncirləri yaratmağa çağırıb ki, ictimai infrastruktura yönələ biləcək mümkün ABŞ hücumunun qarşısı alınsın. Bu addım Trampın münaqişə içində olan Hörmüz boğazı müəyyən olunan müddətdən sonra tam fəaliyyətə başlamasa, İranı elektrik stansiyalarına hücum etməklə hədələməsindən sonra atılıb.

Planı elan edən və vətəndaşları təşviq edən İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi “X”də yazıb: “Biz əl-ələ verib deyəcəyik: ictimai infrastruktura hücum hərbi cinayətdir”.

O əlavə edib ki, “Parlaq gələcək üçün İran gənclərinin insan zənciri” adlı təşəbbüs silahlı qüvvələrin “təcavüzkarlara” qarşı hərəkətlərinə həmrəylik və dəstək nümayiş etdirmək məqsədi daşıyır. Bu barədə “Iran International” məlumat yayıb.

İranı geri çəkilməyə məcbur etmək üçün son cəhdində Tramp bazar ertəsi xəbərdarlıq edib ki, əgər Hörmüz boğazı onun verdiyi möhlətin sonuna qədər açılmasa, Tehranın elektrik stansiyaları və körpülərinə koordinasiyalı hücumlar ediləcək.

Tramp “Truth Social”da yazıb: “Çərşənbə axşamı İranda Elektrik Stansiyası Günü və Körpü Günü olacaq, hamısı bir yerdə. Buna bənzəri olmayacaq!!! O lənətə gəlmiş boğazı açın, ey dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız SADƏCƏ BAXIN! Allaha həmd olsun. Prezident DONALD J TRAMP”.

Bu arada, Pakistan Tehranla Vaşinqton arasında vasitəçilik səylərinin “kritik və həssas mərhələyə” daxil olduğunu bildirsə də, toqquşmalar davam edir.

Ölkənin “Milli Xəbər Agentliyi”nin məlumatına görə, Livanın cənubunda İsrailin iki ayrı hava hücumu nəticəsində azı beş nəfər öldürülüb.

“Xalq Səfərbərlik Qüvvələri” daxilindəki mənbələrə istinad edən məlumatlara görə, İraqın qərbində yerləşən Əl-Qaimdə 13-cü briqadanın qərargahı azı yeddi hava zərbəsinin hədəfi olub.

Yerli media məlumatlarına görə, ABŞ və İsrail qüvvələrinin İran ərazisində gecə boyu həyata keçirdiyi zərbələr nəticəsində azı 15 nəfər öldürülüb. Tehran şəhərinin şərqində yerləşən Pərdisdə dağıntılar altından altı meyit çıxarılıb, rəsmilər isə Şəhriyar şəhərində yaşayış məhəlləsinə endirilən hava zərbəsi nəticəsində doqquz nəfərin öldüyünü bildiriblər. Bu isə mülki itkilərin artdığını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin