“Bu gecə bütöv bir sivilizasiya öləcək, bir daha geri qaytarılmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək. Ancaq indi tam və qəti rejim dəyişikliyi baş verdiyinə görə, fərqli, daha ağıllı və daha az radikallaşmış düşüncələr üstün gəldiyi üçün, bəlkə də inqilabi dərəcədə möhtəşəm bir şey baş verə bilər, KİM BİLİR? Bunu bu gecə öyrənəcəyik, bu, dünyanın uzun və mürəkkəb tarixində ən vacib anlardan biridir. Qırx yeddi illik hədə-qorxu, korrupsiya və ölüm nəhayət sona çatacaq. İranın böyük xalqına Tanrı xeyir-dua versin!”.
Donald Tramp dəfələrlə İranın elektrik stansiyalarına, körpülərinə və digər kritik infrastruktur elementlərinə zərbə endirməklə hədələyib. İran Amerika ultimatumuyla üz-üzədir: ABŞ şərtlərini qəbul etsin, nüvə proqramından imtina etsin və Hörmüz boğazını yenidən açsın, ya da bütün infrastrukturunun məhv edilməsi ilə qarşılaşsın. Amerika planına görə, ultimatumun müddəti bitdikdən sonra dörd saat ərzində İrandakı bütün körpülər və elektrik stansiyaları məhv ediləcək.
İranla ABŞ arasında danışıqların vəziyyəti hələ də qeyri-müəyyəndir. ABŞ tərəfi iranlıların danışıqlardan geri çəkildiyini bildirir, eyni zamanda İranın danışıqları səmimi şəkildə apardığını və münaqişənin başa çatdırılmasına yönəlmiş müzakirələrin ümidverici şəkildə irəlilədiyini iddia edir.
Bundan əvvəl, aprelin 7-də İsrail İran vətəndaşlarını qatarlardan istifadə etməmək barədə xəbərdar edib. İsrail Müdafiə Qüvvələrinə İranın “terrorçu rejimi”nin infrastrukturuna qarşı hücumları tam güclə davam etdirmək əmri verilib. Buna cavab olaraq İran tərəfi qatarların fəaliyyətini dayandırıb. İranın mərkəzində dəmir yolu körpüsünə və ölkənin şimal-qərbində avtomobil yolu keçidinə hücumlar artıq təsdiqlənib.
Donald Trampın İranın kritik infrastrukturuna qarşı genişmiqyaslı hücumlara başlayıb-başlamayacağı hələ də aydın deyil. Həmçinin qeyd olunmalıdır ki, hazırkı ultimatum bu cür şərtlərin ilk dəfə irəli sürülməsi deyil, son tarix artıq üç dəfə uzadılıb.
Sevinc Əliyeva
Ordu.az