Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin rəsmi internet saytında yer alan məlumata görə, istehsalın genişləndirilməsi və sürətləndirilməsi qərarı maliyyə göstəricilərinə əsaslanır. 2025-ci ildə şirkətin gəliri 5,8 milyard avroya çatıb. Yeni sifarişlərin ümumi həcmi 13,2 milyard avro olub, ümumi sifariş portfeli isə 44,4 milyard avro səviyyəsinə yüksəlib.
Artan tələbatı qarşılamaq məqsədilə MBDA 2023-cü ildən 2025-ci ilin sonuna qədər raket istehsalını artıq iki dəfə artırıb. Lakin şirkət 2026-cı il üçün istehsal həcmini əlavə olaraq 40 faiz artırmağı planlaşdırır.
Bu hədəflərə çatmaq üçün şirkət investisiyalarını da iki dəfə artırır. 2026-2030-cu illər dövründə Avropa üzrə istehsal müəssisələrinə ümumilikdə 5 milyard avro sərmayə qoyulması nəzərdə tutulur. Maliyyə yatırımları ilə yanaşı işçi qüvvəsi də genişləndirilir, MBDA təkcə 2026-cı ildə 2800 yeni əməkdaş işə götürməyi planlaşdırır. Digər tərəfdən, 2025-ci ildə “Aster” raketlərinin təhvil həcminin şirkətin ilkin planlarını beş dəfə üstələdiyi qeyd olunur.
Şirkətin baş direktoru Erik Beranje sənaye potensialının uğurla genişləndirilməsinin MBDA-nın qlobal təhdidlər fonunda Avropanın təhlükəsizliyi və dayanıqlılığı baxımından strateji rolunu qoruyub saxlamasına imkan verdiyini vurğulayıb.
Avropanın ortaq raket gücü
MBDA Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyanın şirkətlərini birləşdirən çoxmillətli Avropa müdafiə konsorsiumu kimi fəaliyyət göstərir. Bu ölkələrin hər biri həm milli məhsulların, həm də birgə proqramlar çərçivəsində hazırlanan silahların istehsal olunduğu müəssisələrə malikdir.
Şirkətin məhsul portfeli onlarla sistemdən ibarətdir. Bunlar arasında ən tanınanlar Fransa-İtaliya birgə istehsalı olan “Aster” raket ailəsi, Britaniyanın CAMM hava hücumundan müdafiə raketləri, həmçinin Fransanın MICA, “Mistral”, “Storm Shadow” və ASRAAM sistemləridir.
Daha əvvəl yayılan xəbərlərdə Fransanın 2026-cı il büdcəsi çərçivəsində əlavə “Aster” və SCALP-EG raketləri sifariş edəcəyi bildirilmişdi. Yeni alışların hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək və Ukraynaya edilən silah transferlərindən sonra azalan ehtiyatları bərpa etmək məqsədi daşıdığı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az