ROKETSAN-ın yeni ballistik raketi ilk dəfə nümayiş etdirilib

2026/04/Ekran-1775584830.jpg
Oxunub: 661     22:02     07 Aprel 2026    
ROKETSAN tərəfindən təşkil edilən istehsal müəssisələrinin açılışı və təhvil mərasimində diqqət çəkən bir hadisə baş verib.

Ordu.az xəbər verir ki, tədbir çərçivəsində hələ adı açıqlanmayan yeni bir ballistik raket ilk dəfə nümayiş etdirilib.

ROKETSAN-ın mövcud ballistik raket ailəsinin əsas üzvü olan TAYFUN Ballistik Raketi ilə birlikdə nümayiş etdirilən yeni sistem ölçü və dizayn xüsusiyyətləri ilə diqqət çəkib.

Nümayiş etdirilən raketin texniki xüsusiyyətləri və ya adı ilə bağlı hər hansı açıqlama verilməsə də, sistemin ROKETSAN tərəfindən hazırlanmış ballistik raket ailəsinin yeni və TAYFUN ilə TAYFUN BLOK-4 arasında daha böyük bir üzv olduğu qiymətləndirilir.

TAYFUN Ballistik Raketinin xüsusiyyətləri

TAYFUN ballistik raketi Türkiyənin indiyədək inventarına daxil etdiyi məlum ən uzun mənzilli ballistik raket kimi önə çıxır.

İlk buraxılışı 2022-ci ilin avqustunda həyata keçirilən TAYFUN 500 kilometrdən artıq mənzilə və 1 metrdən az yayınma göstəricisinə malikdir. TAYFUN cəmi 3 il ərzində seriyalı istehsala keçib.

Mobil buraxılış qurğularından buraxıla bilən sistem yüksək dəqiqlikli yönləndirmə strukturu sayəsində komanda-idarəetmə mərkəzləri, hərbi bazalar və kritik infrastruktura qarşı effektiv zərbə gücü yaradır.

TAYFUN-un inkişaf etdirilməsi ilə Türkiyə ballistik raket texnologiyalarında mühüm mərhələni geridə qoyaraq strateji çəkindirmə qabiliyyətini daha yüksək səviyyəyə qaldırıb.

TAYFUN BLOK-4 xüsusiyyətləri

İlk dəfə IDEF 2025 sərgisində təqdim edilən TAYFUN BLOK-4 raketi TAYFUN ailəsinin ən qabaqcıl və ən ağır versiyası kimi diqqət çəkir.

Hipersəs sürəti qabiliyyəti sayəsində mövcud hava hücumundan müdafiə sistemlərini aşmaq məqsədilə hazırlanan sistem yüksək sürət və manevr qabiliyyəti ilə seçilir.

7 tondan artıq çəkisi və yüksək partlayıcı təsirə malik döyüş başlığı ilə BLOK-4 strateji hədəflərə qarşı daha yüksək dağıdıcı güc təqdim etməyi hədəfləyir.

Uzun mənzil, yüksək sürət və inkişaf etmiş döyüş başlığı birləşməsi ilə TAYFUN BLOK-4 Türkiyənin strateji zərbə gücünü daha yüksək səviyyəyə daşıyacaq yeni nəsil sistem kimi qiymətləndirilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Raket  


Bizi "telegram"da izləyin