Ordu.az xəbər verir ki, “ROKETSAN İstehsal Müəssisələrinin Açılışı, Seriyalı İstehsal Təslimatları və Təməlqoyma Mərasimi” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ROKETSAN-ın “Lalahan” kompleksində keçirilib.
Görgün burada çıxış edərək bildirib: “Bu gün açılışını etdiyimiz, təhvilini həyata keçirdiyimiz və təməlini qoyduğumuz hər bir investisiya Türkiyənin müdafiə sənayesində qətiyyətli yüksəlişinin güclü ifadəsidir”.
Görgün qeyd edib ki, bu yüksəlişin mərkəzində Prezident Ərdoğanın ortaya qoyduğu güclü iradə, strateji liderlik və Türkiyə Yüzili konsepsiyası dayanır. O vurğulayıb ki, müdafiə sənayesi artıq layihələndirən, inkişaf etdirən, sınaqdan keçirən, seriyalı istehsal edən və dost regionlara texnologiya ixrac edən böyük ekosistemə çevrilib.
Görgün bildirib ki, Türkiyə öz səmasını qoruyan, öz platformalarını təchiz edən, öz sursatını inkişaf etdirən və çəkindirmə gücünü öz mühəndisliyi ilə artıran ölkə mövqeyindədir və ROKETSAN bu böyük inkişafın ən mühüm lokomotivlərindən biridir.
İstifadəyə verilən müəssisələrin və təməli qoyulan yeni infrastrukturların ROKETSAN-ın istehsaldan inteqrasiyaya, sınaqdan qabaqcıl mühəndisliyə qədər bütün qabiliyyət sahələrində yeni mərhələni təmsil etdiyini bildirən Görgün deyib:
“Açılışı edilən müəssisələrimizdə 2 min nəfərlik əlavə məşğulluq təmin ediləcək, Lalahan Raket İnteqrasiya Müəssisələrimizdə isə 1300 nəfərlik yeni iş imkanı yaradılacaq. Bu mənzərə göstərir ki, müdafiə sənayemiz eyni zamanda yüksək ixtisaslı insan resurslarını yetişdirən və inkişaf etdirən güclü inkişaf sahəsidir”.
“HİSAR və SİPER sistemlərimiz təbəqəli hava hücumundan müdafiə arxitekturamızın bel sütununu gücləndirir”
Haluk Görgün təhvil verilən sistemlərin ROKETSAN-ın geniş məhsul ailəsini, yüksək istehsal qabiliyyətini və strateji töhfəsini aydın şəkildə göstərdiyini vurğulayıb.
O, Türkiyə Silahlı Qüvvələrinin zərbə gücünü, hərəkət qabiliyyətini və çəkindirmə imkanlarını daha da artıran sursatlarla bağlı bildirib:
“Təhvil verilən TAYFUN, SİPER, ATMACA, HİSAR-A, HİSAR-O, SUNGUR sistemlərimiz, KARA ATMACA, ÇAKIR və SOM qanadlı raketlərimiz, MAM-L, MAM-C, MAM-T ailəmiz, TEBER, OMTAS, L-OMTAS, CİRİT, LUMTAS, KARAOK, İHA-230 və T107/122 yaylım atəşli reaktiv sistemləri ordumuzun gücünü daha da artırır. Xüsusilə “Polad Günbəz”in zərbə gücünü təşkil edən HİSAR və SİPER sistemlərimiz təbəqəli hava hücumundan müdafiə arxitekturamızın əsasını gücləndirir”.
“Embarqo risklərinə qarşı güclü yerli istehsal bazası yaradılacaq”
Görgün bildirib ki, “Lalahan” Raket İnteqrasiya Müəssisələri ilə ölkənin müdafiəsində mühüm rol oynayan SİPER, HİSAR və TAYFUN kimi sistemlərin seriyalı istehsal tempi daha da artacaq.
O, yaradılan istehsal infrastrukturunun əhəmiyyətini vurğulayaraq deyib: “Bu infrastruktur xüsusilə partlayıcılar və kritik xammal sahəsində xaricdən asılılığı azaldaraq müdafiə sənayemizin təchizat gücünü, davamlılığını və strateji dayanıqlığını gücləndirəcək, mümkün embarqo risklərinə qarşı güclü yerli istehsal bazası yaradacaq”.
Görgün əlavə edib ki, tam müstəqil müdafiə sənayesi hədəfi daha güclü infrastrukturlar, daha iri layihələr, daha yüksək yerlilik səviyyəsi, geniş ixrac uğurları və daha keyfiyyətli insan resursları ilə irəli aparılacaq.
“Raketlərimizin istehsal gücünü 5 dəfə artıracağıq”
ROKETSAN baş direktoru Murat İkinci bildirib ki, Milli Texnologiya Hərəkatının öncüsü olaraq müdafiə sənayesinin gücünü artıracaq böyük investisiyaları həyata keçirməyə davam edirlər.
İkinci deyib: “Açılışını edəcəyimiz müəssisələrin investisiya dəyəri 1 milyard dollardan çoxdur. Bu gün təməlini qoyacağımız müəssisələrlə 2 milyard dollarlıq ölçüyə çatacağıq”.
O qeyd edib ki, vətən torpaqlarının, “göy vətən”, “mavi vətən” və “kosmik vətən” anlayışlarının müdafiəsində dayanırlar və Türkiyənin çox təbəqəli hava hücumundan müdafiə arxitekturası olan “Polad Günbəz”in zərbə gücünü formalaşdırırlar.
İkinci yüzlərlə kilometr uzaqlıqdakı hədəfləri yüksək dəqiqliklə vurmağa qadir ballistik və qanadlı raketlər hazırladıqlarını bildirərək deyib:
“Milli pilotsuz uçuş aparatlarımızın, “Bayraktar”larımızın, “Akıncı”larımızın, KIZILELMA-larımızın, ANKA-larımızın, “Aksungur”larımızın “dəmir caynaqları”nı biz hazırlayırıq. Bütün yerli platformalarımız üçün sursat və raket istehsalını davam etdiririk. Üstəlik, bütün bu istehsalı və texnologiyaları 90 faizdən yuxarı yerlilik səviyyəsi ilə həyata keçirməyə çalışırıq”.
Avropanın ən böyük döyüş başlığı müəssisəsi “Lalahan”da açılır
İkinci bildirib ki, açılan investisiyalarla seriyalı istehsal, sınaq və AR-GE infrastrukturu daha yüksək səviyyəyə çatdırılacaq:
“Bu investisiyalarla Kırıkkaledə yanacaq istehsalı müəssisələrimiz təxminən 25 min dönüm ərazidə texnologiya mərkəzi kimi fəaliyyətə başlayıb. “Lalahan” kompleksində Avropanın ən böyük döyüş başlığı istehsalı müəssisəsini açacağıq. 1000 nəfərlik tutuma malik binamızda gələcəyin texnologiyalarını inkişaf etdirəcəyik. Bu gün təməlini qoyacağımız kompleksdə SİPER, HİSAR və TAYFUN kimi raketlərimizin istehsal gücünü 5 dəfə artıracağıq. Seriyalı istehsal gücünü artıracağımız bu müəssisələrdə 3 min 300-dən çox mühəndis və texnik üçün yeni iş yerləri yaradacağıq”.
İkinci əlavə edib ki, Prezident Ərdoğanın liderliyi ilə müdafiə sənayesinin “qızıl dövrünü” təmin etmək üçün gecə-gündüz çalışmağa davam edəcəklər.
Sevinc Əliyeva
Ordu.az