Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Prezident Ərdoğan çıxışında bildirib: “Bu gün müdafiədə tam müstəqil Türkiyə yolunda daha bir mühüm mərhələni geridə qoyuruq”. O, “Kırıkkale” yanacaq istehsalı müəssisələrinin, “Lalahan” döyüş başlığı müəssisəsinin və qabaqcıl texnologiyalar AR-GE və mühəndislik mərkəzinin açılışının həyata keçirildiyini qeyd edib.
Eyni çərçivədə Lalahan raket inteqrasiya müəssisələrinin təməlinin qoyulduğunu bildirən Ərdoğan TAYFUN, SİPER, ATMACA, HİSAR-A, HİSAR-O və SUNGUR sistemləri ilə yanaşı ÇAKIR, SOM və MAM sursat ailəsinə məxsus məhsulların Türkiyə Silahlı Qüvvələrinə təhvil verildiyini açıqlayıb.
Ərdoğan bu investisiyaların təsiri ilə bağlı deyib: “Bu yatırımlarla təbəqəli hava hücumundan müdafiə sistemimizi gücləndirəcək, strateji gücümüzü artıracaq, qanadlı və ballistik raket qabiliyyətlərimizi möhkəmləndirəcək və seriyalı istehsal ilə AR-GE imkanlarımıza mühüm töhfə verəcəyik”.
3 milyard dollarlıq investisiya miqyası
Prezident Ərdoğan müdafiə sənayesində ümumi vəziyyəti qiymətləndirərək bildirib ki, xaricdən asılılıq əhəmiyyətli dərəcədə azaldılıb: “Müdafiədə xaricdən asılılıq səviyyəsini 80 faizdən 20 faizə endirmişik”.
Sektorun iqtisadi göstəriciləri ilə bağlı da məlumat verən Ərdoğan deyib: “Sektorun dövriyyəsi 20 milyard dolları keçib, AR-GE xərcləri isə 3,5 milyard dollar səviyyəsinə çatıb”.
Müdafiə ixracatındakı artıma diqqət çəkən Ərdoğan bildirib ki, “2002-ci ildə 248 milyon dollar olan müdafiə ixracatını ötən il 10 milyard dollardan yuxarı qaldırdıq” və 2026-cı ilin ilk rübündə ixracatın 12,1 faiz artaraq 1 milyard 910 milyon dollara çatdığını qeyd edib.
Kritik sistemlər təhvil verilib
Tədbirdə çıxış edən Haluk Görgün təhvil verilən sistemlərin Türkiyə Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətinə birbaşa töhfə verdiyini bildirib.
Görgün deyib: “Təhvil verilən TAYFUN, SİPER, ATMACA, HİSAR-A, HİSAR-O, SUNGUR sistemlərimiz, həmçinin KARA ATMACA, ÇAKIR və SOM qanadlı raketlərimiz, MAM-L, MAM-C və MAM-T sursat ailəmiz TSQ-nin zərbə gücünü və çəkindirmə qabiliyyətini daha yüksək səviyyəyə qaldırır”.
Təbəqəli hava hücumundan müdafiə arxitekturası ilə bağlı isə bildirib: “Polad Günbəz”in əsas zərbə gücünü təşkil edən HİSAR və SİPER sistemlərimiz hava müdafiə arxitekturamızın əsas sütunlarını gücləndirir”.
Seriyalı istehsal infrastrukturu güclənir
“Lalahan” raket inteqrasiya müəssisələrinin istifadəyə verilməsi ilə SİPER, HİSAR və TAYFUN kimi kritik sistemlərin seriyalı istehsal tempinin artacağı qeyd olunub.
Görgün bildirib ki, qurulan istehsal infrastrukturu xüsusilə partlayıcılar və kritik xammal sahəsində xaricdən asılılığı azaldacaq: “Bu investisiyalar müdafiə sənayemizin təchizat gücünü və strateji dayanıqlığını möhkəmləndirəcək”.
Avropanın ən böyük döyüş başlığı müəssisəsi
Murat İkinci investisiyaların texniki detalları ilə bağlı məlumat verib.
İkinci bildirib: “Kırıkkaledə qurduğumuz yanacaq istehsalı müəssisələri təxminən 25 min dönüm sahədə fəaliyyət göstərəcək texnologiya mərkəzidir”.
“Lalahan” kompleksi ilə bağlı isə qeyd edib: “Avropanın ən böyük döyüş başlığı istehsalı müəssisəsini ölkəmizə qazandırırıq” və əlavə edib ki, həmin ərazidə qurulacaq AR-GE və mühəndislik mərkəzi qabaqcıl texnologiyaların inkişafına töhfə verəcək.
O həmçinin bildirib: “Seriyalı istehsal gücümüzü 5 dəfə artıracağıq və bu investisiyalarla 3 min 300-dən çox insana məşğulluq təmin edəcəyik”.
Hava hücumundan müdafiə sistemlərinin əhəmiyyəti vurğulanıb
Milli müdafiə naziri Yaşar Güler çıxışında müasir münaqişələrin hava hücumundan müdafiə sistemlərinin kritik rolunu bir daha göstərdiyini qeyd edib.
Güler bildirib: “ABŞ/İsrail-İran müharibəsi güclü hava qüvvələri ilə yanaşı çoxşaxəli hava hücumundan müdafiə sistemləri, ballistik və qanadlı raketlər və bu sistemlərə aid sursat ehtiyatlarının müharibənin gedişatını müəyyən edən ən vacib amillərdən birinə çevrildiyini göstərib”.
“Effektiv hava hücumundan müdafiə arxitekturasının qurulmasının və yüksək dəqiqlikli raket sistemlərinə sahib olmağın strateji zərurət olduğu açıq şəkildə görünür”, - deyə Güler əlavə edib.
Sevinc Əliyeva
Ordu.az