Vensin Budapeşt səfəri Orban üçün dəstək olacaq, yoxsa siyasi yük?

2026/04/1775581905.jpg
Oxunub: 565     21:16     07 Aprel 2026    
Aprelin 7-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştə gəlib. Aprelin 12-də Macarıstanda parlament seçkiləri keçiriləcək. Hazırkı baş nazir Viktor Orban bu vəzifəni on altı ildir tutur. Onun əsas rəqibi “Tisa” partiyasının lideri Peter Macardır. Qərb mənbələrinin məlumatına görə, son sorğular göstərir ki, Orban Macardan xeyli geri qalır: macarların 49 faizi müxalifətə səs verməyə hazırlaşır, halbuki seçicilərin 39 faizi Orbanı dəstəkləyir.

Cey Di Vensin səfəri ərəfəsində Budapeştdə Viktor Orban kütləvi mitinq təşkil edib, lakin iştirakçılar “Ruslar, evinizə qayıdın” şüarını səsləndiriblər. Bu, 1956-cı il antisovet üsyanının əsas şüarı olub. Siyasi müşahidəçilər hesab edirlər ki, “Orban üçün səsvermə son dərəcə çətin olacaq”. Planlaşdırılır ki, ABŞ-nin vitse-prezidenti Orbanın partiyasının mitinqində iştirak edəcək və Viktor Orbanın dəstəyi ilə çıxış edəcək.

Macarıstanın hazırkı baş naziri ABŞ prezidenti Donald Trampın prezident seçki kampaniyasında onu dəstəkləyib. Görünür, Tramp “əvəzini çıxmağa” çalışır, lakin onun Orbanı açıq şəkildə dəstəkləməsi daha dərin məna daşıyır. ABŞ prezidenti Avropa İttifaqı və NATO üzvü olan Avropa ölkələri ilə mürəkkəb münasibətlərə malikdir, Orban isə bu məsələlərdə ona birbaşa və ya dolayı şəkildə dəstək verən nadir Avropa liderlərindən biridir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Budapeşt səfərinə toxunan “Israel Inside” yazıb ki, son sorğulara əsasən macarların yarıdan çoxu ABŞ prezidentini “mənfi fiqur” adlandırıb. Əgər bu məlumat reallığa yaxın olsa, istisna deyil ki, Cey Di Vensin Viktor Orbanın xeyrinə apardığı təbliğat əks effekt verə bilər.

Macarıstan parlament seçkilərinin nəticəsi Rusiya üçün də prinsipial əhəmiyyət daşıyır. Ötən həftə Qərb mediasında Macarıstan və Rusiyanın xarici işlər nazirləri Siyarto və Lavrov arasında baş tutmuş telefon danışığının sızdırılmış qeydləri dərc olunub. Avropa İttifaqı qurumlarında şübhələr var ki, Siyarto Rusiyaya “Avropa Komissiyasının iclaslarından məxfi məlumatlar ötürüb”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Budapeşt   Orban   Vens  


Bizi "telegram"da izləyin