Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə və Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
CNN-in məlumatına görə, rəsmi bildirib ki, zərbələr neft obyektlərini hədəf almayıb.
“NBC News”un məlumatına görə, ABŞ zərbələri nəticəsində Xarq adasında onlarla İran hərbi hədəfi vurulub.
ABŞ rəsmisi bildirib ki, əməliyyat ada ərazisinin şimal sahil xətti boyunca ABŞ-nin hava zərbələrini əhatə edib və ABŞ-nin quru qoşunlarının yerləşdirilməsini nəzərdə tutmayıb.
Zərbələr hərbi bunkerlərə və anbar obyektlərinə, hava hücumundan müdafiə sistemlərinə və digər hərbi infrastruktura yönəlib.
Bundan əvvəl ABŞ 2026-cı il martın 13-də Xarq adasına zərbələr endirmişdi. Həmin vaxt ABŞ Mərkəzi Komandanlığı 90 hədəfin vurulduğunu, o cümlədən “dəniz minalarının saxlanıldığı obyektlər, raket anbar bunkerləri və çoxsaylı digər hərbi obyektlər”in məhv edildiyini bildirmişdi.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, ABŞ İranı “bu gecə” məhv edə bilər və Vaşinqtonun 2026-cı il aprelin 7-si, Şərq vaxtı ilə saat 20:00-a təyin etdiyi son tarixədək Hörmüz boğazının açılmasını tələb etmişdi.
O həmçinin qeyd edib ki, ABŞ İranı “dörd saat ərzində” məhv etmək qabiliyyətinə malikdir və Tehran çərşənbə axşamına qədər Hörmüz boğazını açmasa, hazır plan mövcuddur.
***
ABŞ-ın Xarq adasındakı hücumlarının hədəfi hərbi obyektlər olub.
Ordu.az xəbər verir ki, bu barədə "Fox News" yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
"ABŞ gecə ərzində adadakı onlarla hərbi hədəfi vurub", - o bildirib.
"Fox News"un məlumatına görə, ABŞ-nin adaya hücum üçün quru qoşunlarını cəlb etməsi barədə məlumat daxil olmayıb.
***
İranın hasil etdiyi neftin 90 faizinin daşındığı Xarq adasında bir neçə partlayış baş verib.
Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, zərbələr ABŞ və İsrail silahlı qüvvələri tərəfindən endirilib.
“Amerika-sionist düşmən” Xarq adasına bir neçə zərbə endirib, nəticədə adada partlayışlar baş verib”, - deyə agentlik bildirib.
Hansı obyektlərin hədəf alındığı məlum deyil.
Sevinc Əliyeva
Ordu.az