Ordu.az xəbər verir ki, qəzanın “Gray Butte” hava limanı yaxınlığında, qalxışdan qısa müddət sonra baş verdiyi bildirilib.
Hadisənin Sakit okean vaxtı ilə təxminən saat 13:00 radələrində baş verdiyi qeyd olunub və qəza ilə bağlı texniki araşdırma prosesi başlanıb.
Sınaq fəaliyyətləri müvəqqəti dayandırılıb
Prototipi hazırlayan General Atomics qəza sonrası YFQ-42A sınaq uçuşlarının ehtiyat tədbiri kimi müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət uçuşların uyğun hesab edildikdə yenidən bərpa olunacağını bildirib.
Şirkətin sözçüsü C. Mark Brinkley mövzu ilə bağlı açıqlamasında bildirib: “ABŞ Hərbi Hava Qüvvələri hadisədən xəbərdardır və standart təyyarə qəzası araşdırma prosedurları tətbiq olunacaq”.
CCA proqramının kritik komponentlərindən biri
YFQ-42A ABŞ Hərbi Hava Qüvvələrinin “qanad adamı” konsepsiyası çərçivəsində həyata keçirdiyi CCA proqramının “Increment 1” mərhələsində hazırlanan platformalardan biri kimi önə çıxır. Proqram F-35 və gələcək NGAD (Next Generation Air Dominance) döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərəcək avtonom pilotsuz uçuş aparatlarının hazırlanmasını hədəfləyir.
“General Atomics” tərəfindən hazırlanan platform şirkətin “Gambit” ailəsinə aid istehsala yaxın prototip kimi təsvir olunur. “Dark Merlin” adlandırılan variantların daha əvvəl sınaq uçuşları keçirdiyi məlumdur.
İki finalçıdan biri
CCA proqramının ilk mərhələsində General Atomics və Anduril finalçı kimi müəyyən edilmişdi. “Anduril”in YFQ-44A “Fury” platforması ətalətli sursat daşıma sınaqlarına başlayarkən, YFQ-42A üçün də oxşar sınaq mərhələlərinə keçidin planlaşdırıldığı qeyd olunurdu.
Proqram çərçivəsində yekun istehsal qərarının 2026-cı ilin yayında verilməsi gözlənilir.
Qəzanın səbəbi araşdırılır
“General Atomics” qəzanın səbəbi ilə bağlı məlumat toplama işlərinin davam etdiyini və bu mərhələdə hər hansı fərziyyə irəli sürməyin tez olduğunu vurğulayıb.
Sınaq fəaliyyətlərinin müvəqqəti dayandırılmasının proqramın ümumi qrafikinə qısamüddətli təsir göstərə biləcəyi qiymətləndirilsə də, CCA proqramı üzrə inkişaf işlərinin müxtəlif dizayn mərhələləri ilə davam etdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az