ABŞ HDQ 405 ədəd PAC-3 MSE satınalması üçün büdcə tələb edib

2026/04/1775546939.jpg
Oxunub: 320     11:20     07 Aprel 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri 2027-ci maliyyə ili üzrə büdcə təklifində 405 ədəd “Patriot” PAC-3 MSE önləyici raketin tədarükünü tələb edib.

Ordu.az xəbər verir ki, sözügedən raketlərin “Mk 41” Şaquli Buraxılış Sistemi ilə təchiz olunmuş idarəolunan raket esmineslərində istifadə edilməsi planlaşdırılır.

Tələb təxminən 1,5 trilyon dollar dəyərində müdafiə büdcəsi çərçivəsində sursat tədarükünün artırılmasına yönəlmiş daha geniş planın bir hissəsi kimi önə çıxır. Hərbi Dəniz Qüvvələrinin PAC-3 tədarük və inteqrasiya büdcəsində əvvəlki illə müqayisədə təxminən 1,6 milyard dollarlıq artım nəzərdə tutulur.

Tədarükdə diqqətçəkən artım

Planlaşdırılan alış 2026-cı maliyyə ilində cəmi 12 ədəd önləyici raketin tədarük edilməsi ilə müqayisədə əhəmiyyətli artıma işarə edir. Bu artımın, dəniz platformalarında ballistik raketdən müdafiə qabiliyyətlərinə verilən önəmin artdığını göstərdiyi qeyd olunur.

İnteqrasiya prosesi davam edir

PAC-3 MSE önləyici raketlərinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə inteqrasiyası üzrə işlər bir neçə ildir davam edir. Proses çərçivəsində raketlərin yalnız buraxılış sistemlərinə fiziki inteqrasiyası deyil, eyni zamanda gəmilərdəki sensorlar və “Aegis” döyüş idarəetmə sistemi ilə uyğunluğu da sınaqdan keçirilib.

Bu çərçivədə 2024-cü ilin may ayında atış sınağının keçirildiyi və inteqrasiya prosesində mühüm mərhələlərin tamamlandığı bildirilib.

Yekun müqavilə Konqresin təsdiqindən asılıdır

Proqramın əsas podratçısı “Lockheed Martin” “Mk 41” sistemi ilə inteqrasiya işlərinin böyük ölçüdə tamamlandığını açıqlayıb. Şirkət rəsmiləri prosesin son mərhələsinin yekun tədarük müqaviləsinin imzalanması olduğunu bildiriblər.

Lakin müqavilənin qüvvəyə minməsi büdcənin ABŞ Konqresi tərəfindən təsdiqlənməsindən asılıdır. Rəsmilər qanunvericilik prosesində büdcə maddələrində dəyişikliklərin ola biləcəyinə diqqət çəkirlər.

Quru Qoşunları üçün də böyük tədarük planı

Büdcə təklifində yalnız Hərbi Dəniz Qüvvələri deyil, ABŞ Quru Qoşunları üçün də əhəmiyyətli Patriot önləyici raket tədarükü yer alır. Bu çərçivədə 2.798 ədəd “Patriot” raketinin quru qoşunlarının inventarını gücləndirmək məqsədilə alınması planlaşdırılır.

Ümumilikdə Quru və Dəniz qüvvələri üçün planlaşdırılan tədarük miqdarı 3.200-dən çox olur və bu alışların ümumi dəyərinin təxminən 14 milyard dollar səviyyəsinə çatdığı qeyd edilir.

İstehsal gücü artırılır

Artan tələbat fonunda istehsal gücünün də genişləndirildiyi bildirilib. “Lockheed Martin” 2026-cı ilin yanvarında illik istehsal gücünü üç dəfədən çox artırmağa yönəlmiş müqavilə əldə etdiyini açıqlayıb.

Rəsmilər artan tədarük ehtiyacının son dövrdə Ukrayna və Yaxın Şərqdə intensiv istifadə olunan hava və raketdən müdafiə sistemləri ilə bağlı olduğunu bildirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PAC-3   MSE  


Bizi "telegram"da izləyin