Ermənistan MN-in qarşısında yaşlılar arasında mübahisə: “Paşinyan bu məsələni həll etməsə, seçkilərə getməyəcəyəm”
Oxunub: 416
11:38
03 Aprel 2026
Bu gün Ermənistan Müdafiə Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı erməni valideynlərdən biri Avet Hunanyan bildirib ki, bir aylıq fərqə görə övladların xidmət müddətinin fərqli olması ədalətsizlikdir.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Biz buraya gəlmişik ki, səsimizi eşitsinlər. Niyə mənim övladım iki il xidmət etməlidir, digərləri isə 1,5 il? Bu, ədalətsizlikdir. Uşağı məktəbi bitirmədən apardılar, attestatını biz özümüz getdik alıb gətirdik. Baş nazir bunu nəzərə almalıdır”, - deyə o bildirib.
Hunanyanın sözlərinə görə, bir ildə də hər şeyi öyrətmək mümkündür və iki il xidmətə ehtiyac yoxdur.
“Əgər bu belə davam etsə, biz seçkilərə getməyəcəyik və hamıya da deyəcəyəm ki, getməsinlər. Baş nazir səsimizi eşitməlidir, ədalət olmalıdır”, - deyə o qeyd edib.
Digər iştirakçı isə bildirib ki, bu məsələ həll olunmasa belə, yenə də Nikol Paşinyana səs verəcək. Bu isə digər etirazçının narazılığına səbəb olub və o, belə olan halda seçkilərə qatılmayacaqlarını deyib.
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, 2025-ci ilin qış çağırışından etibarən məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endirilib, lakin bu dəyişikliklər artıq xidmət keçən hərbi qulluqçulara şamil edilmir. Bu hal erməni valideynlər arasında ciddi narahatlıq yaradıb.